Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.
Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğuladılar.
Nazirlər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr apardılar.