news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xerardo Amaria 29-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirdi. O, Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Uruqvay ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirərək, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdi. İki ölkə arasında münasibətləri daha da gücləndirmək üçün siyasi məsləhətləşmələr mexanizminin davam etdirilməsinin vacibliyini bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən EMəmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq normalarına müvafiq olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğuladı.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi kimi məsələlər də müzakirə olundu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti