Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional Ofisinin direktoru Zsuzsanna Jakabı qəbul edib
Birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edən Zsuzsanna Jakab Azərbaycanın son dövrlər səhiyyə və sosial sahədə bir sıra uğurlar əldə etdiyini bildirdi. Zsuzsanna Jakab ölkəmizin uğurla inkişaf etdiyini, donor ölkə kimi Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyini, bu səbəbdən ÜST-nin ölkəmizlə münasibətlərin genişləndirilməsi niyyətində olduğunu diqqətə çatdırdı.
Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir Elmar Məmmədyarov sözügedən təşkilatın bir sıra xəstəliklərlə mübarizədə ölkəmizə göstərdiyi yardımı yüksək qiymətləndirdi.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.