Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 28 avqust 2015-ci il tarixində Antaliyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkmənistan arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı. İki ölkə arasında siyasi dialoqun inkişafı və əməkdaşlıq dairəsinin genişlənməsi ilə əlaqədar məmnunluq ifadə olundu.
Son illər ərazində Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasının müsbət tendensiya olduğu bildirildi. Qarşılıqlı səylər vasitəsilə iki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu nəzərdən keçirildi.
Hökumətlərarası əməkdaşlıq komissiyasının iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün mühüm rola malik olduğu qeyd olundu.
Xəzər dənizinin iki ölkəni birləşdirən dəyər olduğu vurğulanaraq, enerji və nəqliyyat sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə çatdırıldı.
Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulandı. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olundu.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıldı.