news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 sentyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov San-Marino Respublikasının xarici və siyasi işlər üzrə dövlət katibi Paskal Valentinini qəbul edib

Nazir Elmar Məmmədyarov P.Valentinini salamlayaq, səfərin Azərbaycan və San-Marino arasında münasibətlərin inkişafı baxımından tarixi səfər olduğunu dedi və səfərin əlaqələrin gələcəyi üçün yeni bir səhifə açdığını bildirdi.

Dövlət katibi P.Valentini regiona ilk səfərinin Azərbaycana olmasından məmnun olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu qeyd etdi. P.Valentini həmçinin Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edən kapitan-regentlər Andrea Belluzi və Roberto Venturinin ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğuladı.

Azərbaycan və San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparıldı və Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakı mümkünlüyü qeyd edildi.

Daha sonra Avropa İttifaqı ilə münasibətlərin qurulmasına münasibətdə hər iki ölkənin mövqeyi barəsində geniş fikir mübadiləsi aparıldı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Dünyanın siyasi arenasında baş verən proseslərin müzakirəsi zamanı dövlət katibi P.Valentini beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində bütün dövlətlərə eyni yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd etdi. Bu xüsusda, E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin hələ də icra olunmamasının üzv dövlətlərə qarşı eyni yanaşmanın tətbiq edilmədiyinə bariz nümunə olduğunu bildirdi.

Sonda “Azərbaycan Respublikası Hökuməti və San-Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş və “Azərbaycan Respublikası və San-Marino Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiya imzalandı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti