Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Auqusto Santos Silva ilə görüşüb
Görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirdilər.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğuladılar.
Portuqaliyanın xarici işlər naziri Auqusto Santos Silva bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd etdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğuladı. O, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirdi. Elmar Məmmədyarov əlavə etdi ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Nazir Ermənistanın müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmaq və işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti yürütdüyünü diqqətə çatdırdı. Nazir Portuqaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin və beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına uyğun olaraq, münaqişənin həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini dedi.
Auqusto Santos Silva ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini ifadə edərək, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırdı.
Nazirlər Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir etdilər və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminlik ifadə etdilər.
Nazir Auqusto Santos Silva Portuqaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafını dəstəklədiyini bildirdi.
Görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin artırılması üçün potensialın olduğunu bildirildi və qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi qeyd olundu.
Nazirlər hər iki ölkədə fəaliyyət göstərən özəl şirkətlərin və iş adamlarının qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə biznes forumların keçirilməsinin əhəmiyyətindən danışdılar.
Görüş çərçivəsində nazirlər “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i imzaladılar. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.
Mətbuat konfransında portuqaliyalı nazir bir daha ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirdi və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırdı.