news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 dekabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.

Görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olundu, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparıldı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olundu.

Nazir Elmar Məmmədyarov Polşanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş adlandırdı və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğuladı. 

Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırdı. 

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.

Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə etdi.

Nazir Vitold Vaşçikovski Polşanın ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırdı.

Görüş əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti