news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 oktyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Panama Kanalı Administrasiyasının idarəetmə və maliyyə məsələləri üzrə icraçı vitse-prezidenti Fransisko Migez ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfər çərçivəsində 6 oktyabr tarixində Panama Kanalı Administrasiyasının idarəetmə və maliyyə məsələləri üzrə icraçı vitse-prezidenti Fransisko Migez ilə görüşüb və Panama kanalı infrastrukturu ilə tanış olub.

Görüşdə F.Migez kanalın fəaliyyəti, əməliyyat imkanları haqqında ətraflı məlumat verdi. Panama kanalının gələcək inkişafı, ötürücülük qabiliyyətinin artırılması və kanaldan keçid edən gəmilər və onların şəxsi heyəti üçün maddi-texniki təminat və xidmət imkanlarının yaradılması planları haqqında danışaraq, Azərbaycan şirkətləri və sərmayəçilərinin də bu layihələrdə iştirak edə biləcəklərini qeyd etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasında nəqliyyat sektorunun prioritet sahələrdən biri olduğunu deyərək, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, quru nəqliyyat yollarının çəkilişi, yük gəmiləri donanması və hava daşımaları imkanlarının artırılması, inteqrasiya edilmiş nəqliyyat modulu və nəticə etibarilə, ölkəmizin regionun nəqliyyat qovşağına çevrilməsi haqqında məlumat verərək, bu sahədə iki dövlət arasında əməkdaşlığın və təcrübə mübadiləsinin faydalı ola biləcəyini diqqətə çatdırdı.

Görüşdə Panama kanalının gələcək inkişafı, kanal vasitəsilə neft məhsullarının daşınması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti