news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 may 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Maliyyə, Gəlirlər, İqtisadiyyat, Statistika və Özəlləşdirmə üzrə naziri Məhəmməd İşaq Darı qəbul edib

4 may 2015-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Asiya İnkişaf Bankının  Bakıda keçirilən 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Maliyyə, Gəlirlər, İqtisadiyyat, Statistika və Özəlləşdirmə üzrə naziri Məhəmməd İşaq Darı  qəbul edib.

Elmar Məmmədyarov Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirib. O, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə Pakistanın qəti dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

İkitərəfli əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı rəsmi və işgüzar səfərlərin vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov bu xüsusda Pakistan Prezidenti Zati-Aliləri Məmnun Hüseynin Azərbaycana son səfərinin iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini qeyd edib.

Nazir Məhəmməd İşaq Dar Pakistan və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdiyini bildirib. İki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. O, Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci iclasının əhəmiyyətini vurğulayıb və tədbir əsnasında məhsuldar müzakirələrin keçirildiyini deyib.

Nazir Elmar Məmmədyarov Pakistan Milli Bankının Azərbaycanda ofisinin açılmasının iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

Məhəmməd İşaq Dar Azərbaycanı Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinə ev sahibliyi etməsi münasibətilə təbrik edib və bu Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti