news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 dekabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Baş katibinin müavini Roza Qotemüller ilə görüşüb

Hamburqda keçirilən ATƏT-in 23-cü nazirlər şurasının iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Baş katibinin müavini Roza Qotemüller ilə görüşüb.

Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş katibinin müavini Roza Qotemüller Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi dəstəyinə görə təşəkkürünü bildirdi. O, ölkəmizin Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi işinə töhfəsini yüksək qiymətləndirdi.

Nazir E. Məmmədyarov Azərbaycanın Əfqanıstanda hərbi təsisatların quruculuğuna dəstək məqsədilə Əfqanıstan Milli Ordusunun (ƏMO) Etimad Fonduna əhəmiyyətli miqdarda ianə etdiyi və maliyyə dəstəyini davam etdirəcəyinə dair məlumat verdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verərək NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətin ifadə edilməsinin və münaqişənin bu prinsiplər əsasında həllinin dəstəklənməsinin təqdir edildiyini bildirdi.

Nazir həmçinin Azərbaycanın Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürdüyü və bu işdə bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağını dedi.

Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının icrası məsələləri də müzakirə olundu.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti