news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 noyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA"-Yaxın Şərq informasiya agentliyinə müsahibə verib

Nazir müsahibədə ikitərəfli əlaqələrin tarixi, siyasi, iqtisadi, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə qurulmuş əməkdaşlıqdan söz açıb və əczaçılıq, turizm, yüngül sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. Nazir əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Hökumətlərarası Komissiyanın noyabr ayında keçirilməsi nəzərdə tutulan iclasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və parlamentlərarası əlaqələrin vacibliyinə toxunub.

İki ölkə arasında müqavilə-hüquq bazasının geniş olduğunu qeyd edən Elmar Məmmədyarov ikitərəfli əsasda müxtəlif sahələri əhatə edən 40-dan artıq sənədin imzalandığını bildirib və yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb.

Nazir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi təşkilatın işinə verdiyi töhfələrdən söz açıb, ilk dəfə ölkəmizin təşəbbüsü ilə BMT TŞ və -İslam Əməkdaşlıq Təşkilatı formatında birgə iclasının keçirildiyini yada salıb. O, eyni zamanda bu təşəbbüsün davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əlaqələrinə toxunan Elmar Məmmədyarov 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və 2019-2022-ci illərdə ölkəmizin QH-ya sədrlik edəcəyini bildirib.

Suriya probleminin həllində Azərbaycanın mövqeyinə dair suala cavabında cənab Nazir qeyd edib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. Bütün Suriya xalqının iradəsinə əsaslanan siyasi həllinin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini qeyd edərək Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin təmin edilməli və qorunub saxlanılmalı olduğunu diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın Suriyadakı humanitar problemi yaxından anladığını və qaçqınların vəziyyətini yüngülləşdirmək beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışdığını bildirib. Nazir dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışan Elmar Məmmədyarov, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və V Bakı Beynəlxalq Humanitar Forumunun adını çəkib, gələn il ölkəmizdə keçiriləcək 4-cü İslam Həmrəyliyi oyunlarının İƏT üzv ölkələri arasında arasında dialoq, anlaşma və həmrəyliyin təşviqinə xidmət edəcəyinə əminlik ifadə edib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan Elmar Məmmədyarov, Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb. Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan Elmar Məmmədyarov, bu qətnamələrin hələ də icra edilməməsini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib. Nazir deyib ki, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır.

http://mena.org.eg/en/news/dbcall/table/webnews/id/5870953 

http://www.mena.org.eg/en/news/dbcall/table/textnews/id/5870413 

http://gate.ahram.org.eg/News/1273582.aspx 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti