Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının yeni təyin edilmiş müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penyanı qəbul edib
Nazir Elmar Məmmədyarov Marta İnes Qalinda Penyanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi və Azərbaycan və Kolumbiya arasındakı əməkdaşlığın dərinləşməsi istiqamətindəki gələcək fəaliyyətində uğurlar arzuladı.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu baxımdan diplomatik missiyaların fəaliyyətinin önəmini qeyd etdi.
Xanım Marta İnes Qalinda Penya fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə həmçinin, yaxın vaxtlarda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsi və Kolumbiya tərəfindən Bakıda təşkil olunan ispan dili kurslarının davam etdirilməsinin vacibliyi qeyd olundu.