news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 fevral 2016

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmü qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan və İsveç arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, həmçinin iki ölkə arasında turizm, iqtisadiyyat və biznes sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin formatı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və bu istiqamətlərdə geniş potensialın olduğu qeyd edildi.

Nazir Elmar Məmmədyarov Cənubi Qafqaz regionundakı vəziyyətə toxunaraq, ATƏT-in Minsk Qrupunun üzvü olan İsveçin aktiv səylərini yüksək dəyərləndirdiyini, lakin bu günə kimi status kvonun dəyişmədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv siyasətinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırdı. Münaqişənin həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi.

Xanım Vallström Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini və Minsk qrupu üzvü kimi töhfəsini verməyə hazır olduğunu, həmçinin münaqişənin həlli prosesinə qadınların cəlb edilməsinin vacib olduğu bildirdi. Nazir Vallström danışıqlar prosesinin əsas iştirakçılarının həmsədrlər olduğunu, lakin münaqişənin sülh yolu həlli üçün bütün tərəflərin səy göstərməsinin faydalı olacağını bildirdi. Xanım Vallström beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında münaqişənin həllinin mümkün olduğunu qeyd etdi.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” imzalandı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti