Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi İqnasio İbanez ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi İqnasio İbanez ilə görüşüb.
Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edildi.
Nazir Elmar Mammadyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verdi.
Nazir həmçinin İspaniyanın təşəbbüskarı olduğu BMT-nin Sivilizasiyalar Alyansının növbəti 7-ci qlobal forumunun 2016-cı ilin aprelində Azərbaycanda keçiriləcəyini qeyd edərək, ispan həmkarını həmin tədbirdə iştirak etmək üçün səfərə dəvət etdi. İqnasio İbanez dəvəti məmnuniyyətlə qəbul etdi.
İqnasio İbanez yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasının vacibliyini vurğuladı.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olundu.