news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 oktyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirən baş katib ölkəmizin təşkilatın qarşısında duran məqsədlərin həyata keçirilməsində verdiyi töhfələrinin təqdirəlayiq olduğunu qeyd etdi.

30 sentyabr 2015-ci il tarixində Fələstin bayrağının BMT-nin mənzil qərargahında qaldırılmasının İƏT dövlətləri üçün mühüm bir hadisə olacaqini bildirən baş katib bayraq qaldırılmasında bütün İƏT dövlətlərinin iştirakının vacib olduğunu bildirdi.

Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırdı.

BMT Baş Assambleyasının sessiyası çərçivəsində İƏT xarici işlər nazirlərinin əlaqələndirmə görüşünün və gündəlikdə duran məsələlər üzrə xüsusi iclasların keçirilməsinin faydalı olduğunu bildirdi.

İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən nazir E.Məmmədyarov İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirdi. 

Elmar Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. 

Nazir Elmar Məmmədyarov son dövrlər İslamafobiya meyllərinin artmasının narahatlıq doğurduğunu, birgə səylərlə buna qarşı mübarizə aparmağın vacib olduğunu nəzərə çatdırdı. Həmçinin, Yaxın Şərqdə baş verən münaqişələr nəticəsində çoxlu sayda müsəlman əhalinin qaçqın vəziyyətinə düşməyə məcbur olduğunu qeyd edərək, onların problemlərinəı diqqət yetirilməsinin vacib olduğunu bildirdi.

Sonda İƏT-in prioritet istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti