Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadəni qəbul edib
Səfir Cavad Cahangirzadə etimadnaməsinin surəti Nazir Elmar Məmmədyarova təqdim etdi. Nazir Elmar Məmmədyarov Cavad Cahangirzadəni ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşdə son illər ərzində Azərbaycan və İran dövlət başçılarının çoxsaylı görüşlərinin və şəxsi dostluq münasibətlərinin ölkələrimiz arasında hərtətəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olundu. Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etməsindən məmnunluq ifadə etdi.
Azərbaycan-İran-Rusiya dövlət başçılarının bu ilin avqustunda Bakıda keçirilmiş üçtərəfli görüşünün əhəmiyyəti vurğulandı və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji xarakter daşıdığı qeyd olunaraq, regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edildi.
Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi qeyd olundu.