Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Görüşdə nazir Elmar Məmmədyarov Cakarta şəhərində törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İndoneziya Respublikasının Prezidenti cənab Joko Vidodoya, tərəfindən isə İndoneziya xarici işlər nazirinə başsağlığı məktublarının ünvanlandığını diqqətə çatdırdı. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınadığını dedi.
Səfir başsağlığı məktublarına, terror aktları nəticəsində insan itkisi ilə əlaqədar İndoneziyanın kədərinə şərik çıxmasına və göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, bunun Azərbaycan və İndoneziyanın terrora qarşı birliyinin nümunəsi olduğunu qeyd etdi.
Nazir Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin vacibliyini xüsusilə qeyd etdi.
Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulandı.
Səfir Raden Prayono Atiyanto diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov Azərbaycan və İndoneziya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.