news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 mart 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze ilə görüşüb.

Görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin mehriban qonşuluq zəminində inkişafından məmnunluq ifadə olundu.

Nazir Elmar Məmmədyarov qeyd etdi ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq hər iki ölkə xalqlarının maraqlarına xidmət edir və ölkələrimizin rəhbərliyinin göstərdiyi siyasi iradə bu əməkdaşlığa xüsusi töhfə verir.  

Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə etdilər və Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasının yekunlarını yüksək qiymətləndirdilər.

Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandıran Mixeil Canalidze, energetika sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığa misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətini qeyd etdi. 

Görüşdə həmçinin, iki ölkə arasında müqavilə-hüquq bazasının hazırkı vəziyyətindən razılıq ifadə olundu və bildirildi ki, Azərbaycanla Gürcüstan arasında bu günə kimi yüzdən artıq sənəd imzalanıb. Delimitasiyası məsələsinə toxunan nazirlər, bu işin uğurla davam etdirildiyini təsdiqlədilər və yaxın vaxtlarda işçi qrupunun növbəti iclasının keçiriləcəyini bəyan etdilər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın yürütdüyü destruktiv siyasət barədə məlumat verərək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini regionun inkişafı üçün əsas maneə olduğunu diqqətə çatdırdı.

Hər iki nazir bir daha qarşılıqlı şəkildə dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdilər.

Tərəflər parlamentlərarası əlaqələrin inkişafı, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını, eyni zamanda qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti