Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Elmar Məmmədyarov müstəqillik dövründə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin formalaşdırılması və inkişaf etdirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu qeyd etdi. Azərbaycan və gürcü xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələrindən danışan Elmar Məmmədyarov Azərbaycan və Gürcüstanın dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradəyə uyğun olaraq, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə davamlı şəkildə inkişaf etdiyini vurğuladı.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstanın bir sıra irimiqyaslı enerji və nəqliyyat layihələrınin reallaşmasında nümunəvi əməkdaşlığını qeyd etdi.
Giorgi Kvirikaşvili xarici işlər naziri qismində Azərbaycana ilk rəsmi səfərdə olmasından məmnunluğunu ifadə edərək, iki dost və qardaş ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafı və ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə etdi. Azərbaycanın Gürcüstanın etibarlı tərəfdaşı olduğunu deyərək, birgə səylərlə daha yeni layihələrin icra ediləcəyinə əminliyini vurğuladı.
Görüşdə həmçinin iki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.