news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 dekabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa Məsələləri üzrə Dövlət Naziri Harlem Desir ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Fransa Respublikasının Avropa Məsələləri üzrə Dövlət Naziri Harlem Desir ilə görüşüb.

Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Fransa ilə əməkdaşlığının inkişafında Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO/İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırdı.

Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparıldı.

Harlem Desir Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu həllinin tərəfdarı olduğunu qeyd edərək, ölkəsinin bu xüsusda səylərini davam etdirəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Fransanın münaqişənin həlli istiqamətində olan səylərini alqışladığını qeyd etdi. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 2014-cü ilin noyabrında ATƏT Minsk Qrupunun digər həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin Parisdə keçirilmiş görüşünü xatırlatdı.

Paris görüşündə müzakirə olunan məsələlərin, xüsusilə Hərtərəfli Sülh Sazişinin hazırlanması istiqamətində konstruktiv addımlar atmaq əvəzinə Ermənistanın təxribatçı məqsədlərlə görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlim keçirdiyini və məlum helikopter insidentinin baş verməsinə rəvac verdiyini vurğuladı. O, həmçinin, Prezidentlərin Paris görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi və DNT bazasının yaradılmasına dair razılığın əldə olunmasına diqqəti çəkərək, Ermənistanın təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlının hələ də itkin düşmüş şəxs statusunda olduğunu vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti