Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycan Respublikasındakı Rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Antonius Bruku fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Nazir Elmar Məmmədyarov BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi kimi fəaliyyəti müddətində Azərbaycan və BMT strukturları arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Antonius Bruka təşəkkürünü ifadə etdi. Müstəqilliyinin ilk illərindən Azərbaycan və BMT sistemi arasında faydalı və hərtərəfli əməkdaşlığın qurulduğunu deyən nazir ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirdi. O, Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini nəzərə çatdırdı. Bu xüsusda, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi naminə məhsuldar fəaliyyətini qeyd etdi.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməli olduğunu vurğuladı.
Antonius Bruk fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi, həmçinin Azərbaycan və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi.
Nazir Elmar Məmmədyarov Antonius Bruka gələcək fəaliyyətində uğurlar arzu etdi.