news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 aprel 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı qəbul edib.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
 
Xarici işlər naziri Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı.
 
Ənvər Qarqaş Azərbaycanın dinamik inkişafını məmnunluqla izlədiklərini deyərək ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdi.
 
Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verdi və Ermənistanın destruktiv və işğalçı siyasətinin münaqişənin həllinə başlıca mane olduğunu diqqətə çatdırdı. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyən Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi.
 
Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət, demoqrafik vəziyyətin dəyişdirilməsi  və Azərbaycan xalqına aid maddi-mədəni irsin, o cümlədən İslam dini abidələrinin məhv edilməsi barəsində məlumat verdi.
 
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər barəsində fikir mübadiləsi aparıldı.  
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti