news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 aprel 2016

Xarici işlər naziri Elmar Məmmədyarov bir sıra dövlətlərin xarici işlər nazirləri və beynəlxalq təşkilatların rəhbərlərinə məktub ünvanlayıb

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun üzv dövlətləri, eləcə də MDB ölkələri, ATƏT-in Fəaliyyətdə olan Sədri statusunda Almaniya və ATƏT sədrliyində olan troyka dövlətlərinə və BMT, İƏT və NATO-nun Baş katiblərinə və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə məktub ünvanlayıb.

Məktubda 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə tutması və nəticədə bir neçə mülki şəxslər arasında tələfat olduğu haqqında məlumat verib.

Bildirilmişdir ki, Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması məqsədilə lazımı addımlar atıb.

Məktubda münaqişənin davam etməsi və bunun nəticəsində gərginliyin artmasının əsas səbəbinin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğu qeyd edilib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində BMT Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Nazir Ermənistanın öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmalı, ilhaqçı siyasətinə son qoymalı, qonşunlarını işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarmalı və danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə riayyət etməli olduğunu bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti