Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Uilyam Leysi Sinq Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin 90-cı illərin sonlarından fəaliyyət göstərdiyini qeyd edərək, təşkilat ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini nəzərə çatdırdı. O, Azərbaycanın miqrasiya siyasətinin həyata keçirilməsi, qanunvericilik və institusional bazanın yaradılması üzrə təcrübəsinin, qeyri-leqal miqrantların ləyaqətli və insani şəkildə saxlanması üzrə yaradılmış mərkəzin digər dövlətlər üçün nümunə olduğunu qeyd etdi.
Müasir dünyada XIX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Sinq dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı olduqlarını bildirdi. Bu xüsusda o, Azərbaycanın zəngin multikultiralizm və tolerantlıq ənənələrinin dünya üçün örnək olduğunu dedi.
Xarici işlər naziri Elmar Məmmədyarov yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Ermənistanın mono-etnik tərkibli dövlət kimi mövcudluğu və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barəsində məlumat verdi. Nazir münaqişənin həlli üzrə danışıqlar prosesində azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələlərinin müzakirə mövzusu olduğunu qeyd edərək, onların mütləq şəkildə öz ata-baba yurdlarına qayıdacaqlarını vurğuladı. Bu xüsusda, Dünya Bankı və digər qurumlarla məsləhətləşmələrin aparıldığını qeyd etdi.
Elmar Məmmədyarov Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunaraq, bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirdi. O əlavə etdi ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır.
Elmar Məmmədyarov müstəqilliyinin ilk illərində əlverişli coğrafi mövqeyinə görə Azərbaycanın qeyri-leqal miqrasiya üçün daha çox tranzit məntəqəsi kimi maraq kəsb etdiyi halda, əldə etdiyi iqtisadi və sosial inkişaf nəticəsində Azərbaycanın indi potensial qeyri-leqal miqrasiya üçün cəlbedici ölkə olduğunu qeyd etdi. Nazir əvvəlcədən həyata keçirilən planlı miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin qanun çərçivəsində effektiv şəkildə tənzimləndiyini vurğuladı.
Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrinin inkişafına əhəmiyyət verdiyini deyən nazir Elmar Məmmədyarov ölkəmizin uğurlu miqrasiya siyasəti, zəngin multikulturalizm və tolerantlıq ənənələri üzrə öz təcrübəsinin digər üzv dövlətlərlə bölüşməyə hazır olduğunu dedi.
Görüşdə son dövrlərdə Avropanı bürüyən miqrasiya problemləri, miqrantların dini mənsubiyyətə görə təsnif edilməsi, Aralıq dənizində miqrantların kütləvi ölümü halları və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıldı.