Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Dacici qəbul edib.
Görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında siyasi dialoqun mövcud vəziyyətindən məmnunluğunu ifadə edərək, enerji, nəqliyyat, kənd-təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırdı. O, Serbiyanın ATƏT-ə sədrliyi uğurla başa çatdırıcağına əminliyini bildirdi.
ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həllinə bilavasitə məsul olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi əsasında həllinin mümkün olduğunu nəzərə çatdırdı.
Elmar Məmmədyarov ATƏT-ə sədrliyi müddətində Serbiya tərəfindən Ermənistanın təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası, ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi, münaqişə nəticəsində itkin düşmüş hesab olunan 4000-dən artıq azərbaycanlının taleyi barəsində məlumat mübadiləsinin həyata keçirilməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında dialoqun qurulması kimi məsələlərin qaldırılmasını xahiş etdi.
İvica Dacic Azərbaycan ilə Serbiya arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz qarşılıqlı anlaşma əsasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini nəzərə çatdırdı.
O əlavə etdi ki, Helsinki Yekun Aktının müddəalarına əməl edilməli və ikili standartlar aradan qaldırılmalıdır.
İrəli sürülən təkliflərə gəlincə, İvica Dacic bu məsələlərin ATƏT çərçivəsində müzakirə olunacağını qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.