Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. İki ölkə arasında tarixi, mədəni və dini bağlantıların olduğu qeyd olunaraq, qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə xidmət etdiyi vurğulandı.
Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, mədəniyyət və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq və Xəzər dənizinin hüquqi statusu məsələsi ətrafında fikir mübadiləsi aparıldı.
Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın fəaliyyətinin vacibliyi vurğulandı.
Son illər ərzində yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artmasının ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırıldı.
Üçtərəfli regional əməkdaşlıq formatında ölkələrimiz arasında əlaqələrin əhəmiyyəti qeyd olundu.
Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə olundu və güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olunduğu diqqətə çatdırıldı.
Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçirildi.