news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 dekabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə görüşüb

Görüşdə Azərbaycan və Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair ətraflı fikir mübadiləsi aparıldı. 

Nazir Elmar Məmmədyarov Azərbaycanın Bosniya və Herseqovina ilə qarşılıqlı maraqlara əsaslanan və hər iki ölkəyə fayda gətirəcək bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. O, iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səfərlərin təşkilinin və XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğuladı.

Nazir İqor Çrnadak Azərbaycan və Bosniya və Herseqovina arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylər göstərilicəyinə əminlik ifadə etdi. O, 2014-cü ildə Cənub-Şərqi Avropa ölkələrində baş vermiş daşqınlar zamanı təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın Bosniya və Herseqovinaya humanitar dəstəyinin yüksək qiymətləndirildiyini vurğuladı.

Tərəflər Azərbaycan və Bosniya və Herseqovina arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi və sərmayə qoyuluşu ilə bağlı məsələləri müzakirə etdilər. Həmçinin enerji, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, mədəni-humanitar sahələrdə, o cümlələrdə elm və texnologiya, idman və gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirdilər. Nazir E.Məmmədyarov ADA Universiteti və Bosniya və Herseqovinanın diplomatik akademiyası arasında əməkdaşlığın genişləndirilməsi və tələbə mübadiləsi kimi məsələlərə də toxundu.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov Bosniya və Herseqovinanın da bu layihələrin yaradacağı imkanlardan faydalana biləcəyini diqqətə çatdırdı.

İ.Çrnadak Azərbaycanın Bosniya və Herseqovinada həyata keçirdiyi invesitisiya və infrastruktur layihələrinin əhəmiyyətini qeyd etdi.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti də qeyd edildi.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmkarına geniş məlumat verdi və Bosniya və Herseqovinanın münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tutduğu ədalətli mövqeyinin təqdir edildiyini bildirdi.

Nazir Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 26 fevral 2013-cü il tarixili iclasında mütləq səs çoxluğu ilə “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbuluna görə təşəkkürünü ifadə etdi.

Nazir İqor Çrnadak ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı şəkildə dəstəklədiyini bildirdi və bu mövqenin Bosniya və Herseqovinanın Parlamentində qəbul olunmuş qətnamədə də öz ifadəsini tapdığını vurğuladı. O əlavə etdi ki, Bosniya və Herseqovina münaqişəsinin həllini məhz bu prinsiplər əsasında görür.

Tərəflər Azərbaycan və Bosniya və Herseqovinanın BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyini qeyd etdilər.

Görüşdə Heydər Əliyev Fondu tərəfindən Bosniya və Herseqovinada həyata keçirilən humanitar layihələrin əhəmiyyəti də vurğulandı.

Görüş zamanı həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, biznes forumlarının təşkili və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti