news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov bu səfərin qardaşlıq və dostluq münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığının daha da inkişafına töhfə verəcəyini vurğuladı.

Mövlud Çavuşoğlu Türkiyə Respublikasının xarici işlər naziri statusunda Azərbaycan Respublikasına ilk rəsmi səfər etməsindən məmnunluq keçirdiyini diqqətə çatdırdı.
 
Mövlud Çavuşoğlu 1992-ci ilin 25-26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində amansızcasına qətlə yetirilmiş şəhidlərin xatirəsini ehtiramla yad etdi.
 
Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti vurğulandı.
 
Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi qeyd olundu.
 
İki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunmuş vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olundu.
   
Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi, ticarət, humanitar, turizm, konsulluq və digər sahələrə aid məsələlər ətrafında müzakirələr aparıldı.
 
Nazir Elmar Məmmədyarov 2015-ci ildə “G20”-yə ev sahibliyi edən dövlət kimi Türkiyənin Azərbaycanı “G20”-nin zirvə toplantısına və digər tədbirlərinə dəvət etməsinin yüksək qiymətləndirildiyini bildirdi. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstəyinin vacibliyi vurğulandı.
 
İkitərəfli əsasda olduğu kimi Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunaraq, üçtərəfli formatda yeni əməkdaşlıq mexanizmlərinin yaradılacağı qeyd olundu.      
 
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verərək, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını diqqətə çatdırdı. O, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi.
 
Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və BMT nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll edilməli olduğunu qeyd edərək, Türkiyənin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğuladı.
 
Görüşdə qondarma “erməni soyqırımı” adı altında Ermənistan və diaspora dairələri tərəfindən tarixin saxtalaşdırılmasının qəbuledilməz olduğu qeyd olunaraq, birgə səylər vasitəsilə bu yalanlara qarşı mübarizə aparılacağı bildirildi.
 
Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçirildi.  
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti