news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 mart 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əhmed Kartinin birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! İlk növbədə, sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Bildiyiniz kimi, Sudan Respublikasının xarici işlər naziri cənab Əli Əhməd Karti Azərbaycanda rəsmi səfərdədir. Cənab nazir dünəndən Azərbaycandadır və bəzi görüşlər keçirib. Bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sudan xarici işlər nazirini qəbul edib.

Bu gün görüşdə Azərbaycan və Sudan arasında əməkdaşlığın gücləndirilməsi yolları barəsində geniş müzakirələr apardıq. İlk növbədə, deyə bilərəm ki, Azərbaycan və Sudan arasında həm BMT-in Nyu-York və Cenevrə ofislərində, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, digər beynəlxalq təşkilatlarda çox sıx və faydalı əməkdaşlıq mövcuddur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinə dəstək verir. Həmçinin, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə Sudanla bağlı məsələlər müzakirə edilərkən biz də öz tərəfimizdən, imkan daxilində, Sudana dəstək vermişik. Sudan tərəfi ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində müzakirələrdə Azərbaycanın mövqeyini tam şəkildə dəstəkləyib, çünki Azərbaycanın münaqişə ilə bağlı mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır.
 
Digər tərəfdən, bizim üçün ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi çox vacibdir, Sudan neft, qaz, qızıl ehtiyatları ilə zəngin ölkədir. Müzakirələr zamanı belə bir qərara gəldik ki, Sudan tərəfindən bir neçə layihə baxılması üçün təqdim edilsin. İki ölkə arasında “İkiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması” və “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişlərin imzalamaq üçün yekunlaşdırılması razılaşdırıldı. Bu gün biz artıq Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq haqqında Protokolu imzaladıq. Regionda və İslam dünyasında baş verən bəzi xoşagəlməz prosesləri cənab nazirlə müzakirə etdik və qənaətimiz ondan ibarətdir ki, İslam dünyasında cərəyan edən prosesləri İslam ölkələri özləri həll etməyə çalışmalıdırlar və İslam Əməkdaşlıq Təşkilatı bu baxımdan ən nüfuzlu təsisatdır.
 
Sonda onu əlavə edim ki, bu, cənab nazirin Azərbaycana ikinci səfəridir. Bu saziş layihlərini tezliklə müzakirə edərək yekunlaşdırmaq barəsində razılığa gəldik. Çox güman ki, Azərbaycan Respublikası xarici işlər naziri də Xartuma rəsmi səfər edəcək və bu sənədlər imzalanacaq. Biz imkanlarımızı istifadə edərək, Sudan və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına çalışacayıq.
 
Sual-cavab bölməsi
 
Sual: Cənab nazir, Azərbaycanın Sudan Respublikasında Səfirliyinin açılması perspektivləri varmı və nə zamana gözlənilir?
 
Elmar Məmmədyarov: Ümumiyyətlə, onu deyim ki, Azərbaycan üçün Afrika bir qitə kimi çox önəmlidir. Bildiyiniz kimi, bizim Efiopiyada artıq səfirliyimiz fəaliyyətə başlayıb. Afrika İttifaqının mənzil qərargahı Əddis-Əbəbə şəhərində yerləşir və bu baxımdan, Efiopiyada səfirliyimizin açılması Afrika İttifaqı ilə əlaqələrin inkişafı baxımdan da əhəmiyyətlidir. Bundan əlavə, Cənubi Afrika Respublikası, Misir Ərəb Respublikası,  Liviya və Mərakeşdə səfirliklərimiz var. Önəmli Afrika ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinin təsisi barəsində planlarımız vardır. Sudan həm Afrika regionu, həm də Azərbaycan üçün çox önəmli ölkədir. Amma səfirliyin açılması üçün biz ilk növbədə çalışırıq ki, iki dövlət arasında gərək iqtisadi-ticarət əlaqələri gücləndirilsin. Bu imkan yaradacaq ki, Azərbaycanın nümayəndəliyi səfirlik, müvəqqəti işlər vəkili və ya diplomat heyət səviyyəsində təsis edilsin. Nəticə etibarilə, hökumətə səfirlik açmaq istəyi ilə bağlı təkliflə çıxış edəndə Xarici İşlər Nazirliyinin dəlilləri güclü olsun. Ticarət dövriyyəsi və iqtisadi əlaqələrin güclü olduğu ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması bizim üçün vacibdir. Xartumda Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin təsis edilməsi bizim planlarımızda var və Sudanın Səfirliyi Azərbaycanda fəaliyyət göstərir.
 
Sual: Cənab nazir, sualım sizədir. Deməli, həmsədrlərin regiona son səfərindən sonra ümumiyyətlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar proses necə gedir, yəni nazirlərin və prezidentlərin görüşü ilə bağlı hansısa planlar varmı? İkinci sualım, azərbaycanlı girovlarla bağlı proses demək olar ki, durğundur. Bununla bağlı növbəti addımlar nə olacaq?
 
Elmar Məmmədyarov: Girovlarla bağlı, deyə bilərəm ki, diplomatik kanallarla biz məsələni müzakirə edirik və hər dəfə diplomatik nümayəndələrin Azərbaycana səfəri zamanı  biz onlardan xahiş və tələb edirik ki, Yerevana səfər edəcəkləri təqdirdə, Ermənistanın rəhbərliyi ilə görüşlərdə bu məsələyə toxunsunlar və tezliklə bu məsələni həll etsinlər, azərbaycanlı girovlar da Azərbaycana qaytarılsın. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bərabər, ABŞ Dövlət katibinin köməkçisinin müavini Viktoriya Nuland da Yerevanda olarkən bu məsələyə toxunub. Avropa İttifaqının nümayəndələri Ermənistanda olarkən Ermənistan prezidenti səviyyəsində də bu məsələ qaldırılıb. Avropa Şurasının məruzəçisi bu yaxınlarda Bakıda olarkən bu məsələni müzakirə etmişik. Böyük Britaniyadan olan parlament deputatı da söz vermişdi ki, bu məsələyə toxunacaq.
 
Danışıqlar prosesində vəziyyətlə bağlı optimist olduğumu demək istəyərdim. Amma Ermənistan prezidenti və xarici işlər naziri səviyyəsində olan son çıxışlar nikbin olmağa imkan vermir. Köhnə məsələlər və köhnə arqumentlər irəli sürürlər və çox aqressiv ritorika ilə çıxış edirlər. Bəlkə bu, daxili auditoriyaya ünvanlanıb. Azərbaycan tərəfi dəfələrlə bəyan edib və  həmsədrlər də bunun tərəfdarıdırlar ki, tezliklə biz gərək böyük sülh sazişinin üzərində işə başlayaq. Həmsədrlərin Bakıya son səfəri zamanı onlar nəqliyyat, məcburi köçkünlər və sair ilə bağlı işçi qrupların yaradılmasını təklif etdilər. Amma məndə olan məlumata görə, bu işçi qrupunun yaradılması təklifi Ermənistan tərəfindən rədd edilib. Təbii ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Azərbaycanın mövqeyidir. Nə qədər tez Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılsa, o qədər də tez bir şəkildə regionda sülh və sabitlik bərqərar olar.
 
Buna baxmayaraq, Azərbaycanın xarici və daxili siyasəti Azərbaycanın davamlı inkişafına yönəlib. Bildiyiniz kimi, dünən Qarsda TANAP layihəsinin təməlqoyma mərasimi keçirildi. Bu layihə bütün region, Azərbaycan, Gürcüstan, Türkiyə və eləcə də Avropa üçün çox önəmlidir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması Azərbaycanın maraqlarına uyğundur və ümumiyyətlə bütün regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ermənistan öz siyasətini dəyişdikdən, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra regional və qlobal layihələrə qoşula bilər.  Bu birmənalıdır. Əks təqdirdə, Ermənistan hər hansı layihəyə qoşula bilməz. Çox sağ olun.  
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti