news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 mart 2016

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxleri qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxlerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Almaniyanın ATƏT-in Fəaliyyətdə olan sədri statusunda prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək və Azərbaycan ərazilərini ilhaq etmək olduğunu vurğuladı. İnsidentlərin araşdırılması kimi texniki məsələnin qəsdən gündəmə gətirilməsinin Ermənistanın münaqişənin həllindən diqqəti yayındırmaq cəhdlərindən biri olduğunu nəzərə çatdırdı.

O, insidentlərin araşdırılması kimi texniki məsələnin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olaraq, nəzərdən keçirilə biləcəyini dedi. 

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin münaqişənin həllinə töhfə verməsinin və tam tərkibdə Minsk Qrupunun toplantılarının keçirilməsinin zəruri olduğunu vurğuladı. 

Nazir bildirdi ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən ilk növbədə Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. 

Günter Baxler ətraflı məlumata görə təşəkkürünü ifadə etdi. Hal-hazırda ATƏT-in Fəaliyyətdə olan Sədri kimi Almaniyanın prioritetləri haqqında məlumat verərək, regional sülh və sabitlik üçün təhlükə olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti