Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Maykl Link ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Maykl Link ilə görüşüb.
Nazir Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun cari ilin 1 noyabr tarixində Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsinin onun mandatına zidd olduğunu bildirdi. Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılmasının onun müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu vurğuladı.
Nazir Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun hansı prinsip və metodologiyaya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırdı.
Maykl Link ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun təşkilata üzv olan bütün dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirərək, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd etdi.