Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində enerji məsələləri üzrə 9-cu Bakı Yay Məktəbinin iştirakçıları üçün mühazirə ilə çıxış edib
Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universiteti tərəfindən təşkil olunan enerji məsələləri üzrə 9-cu Bakı Yay Məktəbinin iştirakçıları üçün Azərbaycanın xarici və enerji siyasəti barədə mühazirə ilə çıxış edib.
Elmar Məmmədyarov ölkəmizin xüsusilə son on il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verdi.
Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu dedi. O əlavə etdi ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdıran Elmar Məmmədyarov bu mövqenin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndiyini bildirdi. Bu xüsusda, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında Ermənitsanın işğalçı tərəf kimi bir daha tanındığı qeyd etdi.
Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışaraq, Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol xətti və Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin əhəmiyyətini diqqətə çatdırdı. Həmçinin, Azərbaycanın zəngin milli təcrübə əsasında qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə töhfə verdiyi qeyd etdi.
Mühazirə əsnasında Nazir Elmar Məmmədyarov iştirakçıların çoxsaylı suallarını cavablandırdı.