Bu gün Xocalı soyqırımının 24-cü ildönümüdür
1991-ci ilin sonu və 1992-ci ilin əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi hərbi mərhələyə qədəm qoydu.
1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə minlərlə azərbaycanlı kütləvi şəkildə qırıldı və ya əsir götürüldü, şəhər isə yerlə-yeksan edildi. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı piyada alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən və münaqişəyə qədər 23,757 nəfər əhalisi olan və ümumi ərazisi 0,94 kvadrat kilometrə çatan kiçik bir şəhəri-Xocalını istila etdilər.
Dəhşətli gecə başlamazdan əvvəl şəhərdə qalan xocalı sakinləri (təxminən 2500 nəfər) hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazilərə gedən yolu tapmaq ümüdiylə öz evlərini tərk etməyə cəhd etdilər. Bu planlar da uğursuzluqla nəticələndi. İşğalçılar Xocalını dağıtdılar və xüsusi qəddarlıqla dinc əhaliyə qarşı qırğın törətdilər.
Xocalının yüzlərlə günahsız sakininin qəddar şəkildə məhv edilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ətrafında və daxilində baş verən silahlı münaqişə zamanı ən mənfur cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və xarici hərbi bölmələr Xocalıdan və ətraf ərazilərdən qaçıb gedə bilməyən insanların heç birini sağ qoymadılar. Nəticədə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bugünədək naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 uşağın isə hələ heç yaşı tamam olmamışdı. 6 ailə tamamilə məhv edildi, 26 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vururaq öldürüldü.
Erməni rəsmiləri münaqişə zamanı Xocalı əhalisinə qarşı törətdikləri cinayətlər də daxil olmaqla, münaqişə zamanı törətdikləri cinayət faktlarını saxtalaşdırmaqla və öz versiyalarını uydurmaqla nəinki reallıqdan tamamilə uzaq olan həm də sadə məntiqə sığmayan şərhlər verməklə öz iştiraklarını inkar edirlər. Bütün bunlara baxmayaraq, hətta ən mahir təbliğat belə ermənilər tərəfindən irəli sürülən fikirlərə tamamilə əks olan və real vəziyyəti göstərən faktları təkzib edə bilməyəcək. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan mühüm məlumatlardan əlavə, Ermənistanın məsuliyyəti və iştirakı bu faciənin şahidləri və bir sıra azad mənbələr tərəfindən sənədləşdirilib.
The crime in Khojaly: perpetrators, qualification and responsibility under international law