Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Xarici İşlər Nazirlərinin illik Nazirlər Görüşündə Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Ceyhun Bayramovun çıxışı
Qeyri-rəsmi tərcümə
“COVID-19 Dövründə Vyana Fəaliyyət Proqramının sürətləndirilmiş şəkildə həyata keçirilməsi və Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafa nail olmaq üçün tərəfdaşlıq” mövzusunda Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Xarici İşlər Nazirlərinin illik Nazirlər Görüşündə
Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Ceyhun Bayramovun çıxışı
23 sentyabr 2020-ci il
Zati-aliləri,
Hörmətli iştirakçılar,
Xanımlar və cənablar,
Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin illik nazirlər görüşündə iştirak etməkdən məmnunam.
Biz böhran dövründə toplandıq və beynəlxalq əməkdaşlığın həm virusa qalib gəlmək, həm də ki, onun nəticələrini aradan qaldırmaq üçün irəliləməsinə ehtiyac var.
Azərbaycan milli səviyyədə Fəaliyyət Planını qəbul etdi və bu, yalnız pandemiyaya qarşı böhran əleyhinə cavab olaraq nəzərdən keçirilmir, həmçinin pandemiyadan sonrakı dövrdə davamlı inkişafın çoxsaylı hədəflərinə xidmət edir. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı COVID-19 ilə mübarizədə nümunəvi bir ölkə kimi göstərmişdir.
COVID ilə dünyada mübarizə səylərini gücləndirmək üçün Azərbaycan ÜST-ə Afrika, Asiya və Latın Amerikası ölkələri üçün 10 milyon dollar ayırdı. Azərbaycan BMT Baş Assambleyasının xüsusi sessiyasının və Qoşulmama Hərəkatının Əlaqələndirici Qrupunun Zirvə Görüşünün çağırılması da daxil olmaqla bir sıra vacib təşəbbüslər irəli sürdü.
Cənab Sədr,
Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sərhədlərarası məhdudiyyətlərə və sərhədlərin bağlanmasına qarşı həssaslığı beynəlxalq ticarət və nəqliyyat dəhlizlərinin əlaqəsini və davamlı fəaliyyətini artırmaq üçün razılaşdırılmış bir fəaliyyət tələb edir. Pandemiya zamanı regional əməkdaşlıq çox vacibdir. Məsələn, əməkdaşlıq və əlaqələndirmə sayəsində Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri böhran dövründə mühüm əhəmiyyət kəsb edən təchizatın rahat axınını təmin etdilər. “Yeni və normal” həyata keçərkən daha çox regional əməkdaşlığa ehtiyac olacaqdır. Regional ticarət müqavilələrini dəstəkləmək vasitəsilə regional inteqrasiya mexanizmləri mühüm rol oynaya bilər. Blokçeyn texnologiyaları da daxil olmaqla, rəqəmsal yük dəhlizlərinin inkişaf etdirilməsi üçün innovativ həllərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan bölgələrarası və bölgədaxili nəqliyyat əlaqələndirmə layihələrinin təminatçısı olmuşdur. Bu layihələr ölkəmizi trans-regional logistik mərkəzə çevirir. Şərq-Qərb Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət marşrutları Avrasiya boyunca tranzit imkanlarını artırmaq üçün hədəf alan əsas infrastruktur layihələridir. Üç dənizə çıxışı olmayan ölkə - Əfqanıstan, Azərbaycan və Türkmənistan arasında da yeni bir əməkdaşlıq formatına başladıq və bu yolla qardaş ölkəmiz Əfqanıstanın potensialını açmaq üçün "Lapis Lazuli" nəqliyyat marşrutunu təbliğ edirik.
Azərbaycanda nəqliyyat sektorunun fiziki infrastrukturunun modernləşdirilməsi və tənzimləmə bazasının təkmilləşdirilməsi baxımından əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Hökumət təkcə son 15 ildə dövlət nəqliyyat infrastrukturuna 25 milyard dollardan artıq sərmayə yatırmışdır. Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Sərbəst İqtisadi Zonası (AFEZ) kimi Azərbaycanın mühüm əhəmiyyət kəsb edən təşəbbüsləri ticarət və sərmayələrdə trans-regional artım imkanlarını yüksəldəcək. Biz daha çox sərmayə cəlb etmək və şaxələndirmə sürətini dəstəkləmək üçün sabit və şəffaf bir iş mühiti təmin etməyə davam edəcəyik.
Enerji sektoruna gəldikdə, Azərbaycan etibarlı enerji təchizatçısı kimi öz rolunu genişləndirdi. Cənub Qaz Dəhlizi başa çatmaq üzrədir və o, gücləndirilmiş qarşılıqlı əlaqələndirmənin konkret bir nümunəsi olacaqdır.
Mühüm infrastrukturun qorunması çox vacib bir məsələdir və Ermənistan tərəfinin 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədindəki təxribatı bizə bunu xatırlatdı. Erməni silahlı qüvvələri digərləri arasında mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf aldı. Bu infrastruktur yalnız Azərbaycanın iqtisadi davamlılığı üçün vacib deyil, eyni zamanda daha geniş Avrasiya bölgəsini birləşdirən trans-regional dəhlizlərin rahat fəaliyyət göstərməsi üçün çox vacibdir. Bu təxribat bir daha mövcud status-kvonun kövrək olduğunu və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini vurğuladı.
Azərbaycan yarandığı gündən açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin prosesinə öz töhfəsini verir. Biz Vyana Fəaliyyət Proqramının həyata keçirilməsinə sadiq qalırıq və beynəlxalq platformalarda bu Qrupun maraqlarını təmin etmək üçün səylərimizi davam etdirəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.