Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli forumunda çıxışı
qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli forumunda çıxışı
Nyu-York, 28 sentyabr 2015-ci il
Zati-aliləri,
Möhtərəm nazirlər,
Xanımlar və cənablar,
Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (İEOÖ) bu yüksək səviyyəli forumunda iştirak etməkdən böyük məmnunluq duyuram.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) statistik göstəricilərinə əsasən, Azərbaycanın dənizə çıxışı olmayan ölkə olaraq inkişaf dəyəri 11,24%-ə bərabərdir. Dənizə çıxışı olmayan İEOÖ kimi Azərbaycan davamlı və hərtərəfli inkişafa nail olmaq və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün dünya iqtisadiyyatına inteqrasiyaya hər zaman mühüm siyasi seçim kimi baxmışdır.
Azərbaycan uzunmüddətli iqtisadi davamlılıq məqsədlərinin uğurla həyata keçirilməsi baxımından strateji istiqamət kimi dənizə çıxışı olmayan İEOÖ üçün Vyana Fəaliyyət Proqramını alqışlayır. Biz inanırıq ki, Proqramın həyata keçirilməsini təşviq etmək üçün iştirakçı dövlətlərin birgə fəaliyyəti dənizə çıxışı olmamaq probleminin qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına çevrilməsinə yardım edəcəkdir.
Ötən bir neçə il ərzində, Azərbaycan informasiya və kommunikasiya texnologiyaları (İKT), nəqliyyat və enerji sahələrində regionun inkişaf səylərini qarşılamaq üçün regionun böyük potensialının aşkar edilməsinə töhfə vermiş bir sıra önəmli təşəbbüslə çıxış etmişdir.
UNESCAP-a əsasən, Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında ən güclü trans-sərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna malikdir. Nəticə etibarilə, Azərbaycan, xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi ilə region üçün mühüm İKT mərkəzinə çevrilmişdir. TASİM həm Avrasiya boyunca genişzolaqlı bağlantının yaradılması, İKT infrastrukturunun inkişafı və elektron ticarətin təşviq edilməsinə dəstək olacaq, həm də rəqəmsal uçurumun region hüdudlarından kənarda aradan qaldırılmasına töhfə verməkdə davam edəcəkdir.
Dənizə çıxışı olmayan İEOÖ-nün dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün səmərəli multimodal nəqliyyat xətlərinin inşasının vacibliyi məlumdur. Bu çərçivədə Tarixi Böyük İpək Yolunun bərpası Avropa və Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsində strateji rola malikdir. Azərbaycanın müasir nəqliyyat-tranzit infrastrukturu tərəfdaşları üçün sərnişin və yüklərin beynəlxalq daşınması üçün daha etibarlı, davamlı və iqtisadi baxımdan səmərəli marşrutla təmin etmək və multimodal nəqliyyatın həcmini artırmaqla regionlararası və regiondaxili ticarətin genişləndirilməsinə müstəsna şərait yaradır. Azərbaycan qonşu Türkiyə və Gürcüstanla birgə tərəfdaşlıq çərçivəsində Avropa və Asiya arasında ən qısa nəqliyyat bağlantısı olan Bakı-Tbilisi-Qars dəmir yolunu dəstəkləmiş və maliyyələşdirmişdir. Azərbaycan həmçinin yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını uğurla istismara vermişdir. Çindən gələn ilk sınaq konteyneri 2015-ci ilin avqust ayında Xəzər dənizindən keçməklə yeni limana daxil olmuşdur. Önəmlisi odur ki, Azərbaycanın bu yaxınlarda Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilata qoşulması Asiya və Avropa arasında sərnişin və yüklərin dəmir yolu ilə beynəlxalq daşınması üçün vahid çərçivə yaradacaqdır.
Regional enerji təhlükəsizliyinə töhfə baxışımızın əsas təməlini təşkil edir. Azərbaycan trans-regional əhəmiyyətə malik bir sıra enerji layihələrinin təşəbbüsündə öz liderliyini nümayiş etdirmişdir. Azərbaycan tərəfindən irəli sürülən layihələr regionda sosial-iqtisadi tərəqqiyə təkan vermiş və həmçinin ölkə sərhədlərindən kənara yayılmasına müsbət təsir göstərmişdir. Bu baxımdan, Cənubi Qaz Dəhlizinin təşəbbüskarı kimi biz Avropanın enerji təhlükəsizliyinə töhfənin həm regionun digər enerji istehsalçıları, həm də istehlakçı və tranzit ölkələr üçün qarşılıqlı faydalı olduğuna inanırıq.
Mən ölkəmin regional əməkdaşlıqdan tam olaraq faydalanmasına mane olan mühüm problemi qeyd etməyə bilmərəm. Bu çağırış beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən çoxsaylı insan itkiləri ilə nəticələnən, yüz minlərlə mülki şəxsi öz evlərini tərk etməyə məcbur edən, ölkə infrastrukturunun xeyli hissəsini məhv edən və ciddi iqtisadi çətinliklər yaratmaqda davam edən işğalı ilə bağlıdır.
Mən yekunda bildirmək istərdim ki, Azərbaycan regionun sosial-iqtisadi tərəqqisinə bundan sonra da töhfə verməklə dənizə çıxışı olmayan İEOÖ çərçivəsində konstruktiv dialoq və əməkdaşlığa açıqdır.
Təşəkkür edirəm.