Xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin 70 illik yubileyi münasibətilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatında çıxışı
Qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Millətlər Təşkilatının yetmiş illik yubileyi münasibətilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatında çıxışı
Nyu-York, 1 oktyabr 2015-ci il
Cənab sədr,
Birləşmiş Millətlər Təşkilatının təsis edilməsindən indiyədək BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Bu dövr ərzində beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişmişdir. Təhdidlər daha mürəkkəb və qarşılıqlı şəkildə əlaqəli, ənənəvi və yaranmaqda olan problemlər arasında xətt isə qeyri-müəyyən olmuşdur. Beynəlxalq münasibətlərdəki qüvvələr balansı da dəyişmişdir. Bizim müşahidə etdiyimiz digər hal isə odur ki, dövlətlərarası münasibətləri tənzimləyən BMT Nizamnaməsinin prinsipləri çox zaman yalnış təfsir edilir və ya qeyd-şərtlərlə həyata keçirilir, onlardan bəziləri isə, o cümlədən öz müqəddəratını müəyyən etmək prinsipi təhdid və ya güc tətbiqi, ərazi ələ keçirilməsi və əhalinin zorla yerdəyişməsi kimi qeyri-qanuni əməllərin gizlədilməsi üçün istifadə edilir. Bu prinsiplərin tətbiqi zamanı mövcud ikili standartlar qeyri-stabilliyə, münaqişənin həlli prosesində çıxılmaz vəziyyətə gətirib çıxarır və vəziyyəti gərginləşdirmək potensialına malikdir.
Bütün dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi xüsusilə son iki onillikdə insan itkilərinin artmasına səbəb olmuşdur. BMT-nin sülhməramlı fəaliyyətinin əhəmiyyətli şəkildə intensivləşməsi təşkilatın bununla bağlı böyük resurslar sərf etməsinin bariz nümunəsidir. Buna görə də münaqişələrin qarşısının alınması, vasitəçilik və sülh quruculuğu sahələrində BMT-nin daha aktiv səylər göstərməsinə ehtiyac vardır.
Biz BMT-nin əsas funksiyaları arasında uzlaşmanın və balansın təmin edilməsini BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün əsas ilkin şərt hesab edirik. Beynəlxalq münasibətlərdə dövlətlər davamlı inkişaf və əməkdaşlıq, insan hüquqlarına hörmətin təşviq edilməsinə şəraitin yaradılması üçün beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına səy göstərməlidir. İnsan hüquqlarının pozulması hallarının böyük əksəriyyəti bilavasitə və ya bilvasitə silahlı münaqişələr və dövlətlər arasındakı münasibətləri tənzimləyən norma və prinsiplərin kobud şəkildə pozulması ilə bağlıdır. Buna görə, BMT-nin beynəlxalq təhlükəsizliyə inkişaf gündəliyində məsələlərində olduğu kimi eyni enerji və inadkarlıqla yanaşması məqsədəuyğun olardı. Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzün, terrorizm, şiddətli ekstremizm və sülhə qarşı digər təhdidlərin qarşısının alınması və aradan qaldırılması üzrə kollektiv tədbirlərin təkmilləşdirilməsi üçün nəzərəçarpacaq təhlükəsizlik hədəflərinin müəyyən olunması ideyasını nəzərdən keçirə bilərik.
Mən bu baxımdan, xüsusilə Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişəni göstərmək istərdim. Ermənistanın destruktiv siyasəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil edir. Ermənistan digər üzv dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etməyə və onun ərazilərini işğal etməyə, mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi kütləvi vəhşiliklərə görə cəzasız qalmağa, işğalın hal-hazırkı status-kvosunu möhkəmləndirməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamağa və münaqişənin beynəlxalq hüquqa əsasən sülh yolu ilə həllinə mane olmağa davam edir. Azərbaycan iyirmi ildən artıqdır ki, Ermənistan tərəfindən sülhün kobud şəkildə pozulması və işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir.
Təşəkkür edirəm.