news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 oktyabr 2015

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxışı

qeyri-rəsmi tərcümə

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxışı,

Nyu-York, 30 sentyabr 2015-ci il



Cənab sədr,

Mən ilk növbədə cənab Mogens Lykketoftu Baş Assambleyanın 70-ci sessiyasında prezidentliyi öz üzərinə götürməsi münasibətilə təbrik etmək və bu məsuliyyətli işində ona müvəffəqiyyətlər arzu etmək istərdim. Biz altmış doqquzuncu sessiyaya rəhbərlik zamanı gördüyü çətin işə görə cənab Sam Kutesaya təşəkkürümüzü bildiririk.

Ötən yetmiş il ərzində Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi qətiyyətli şəkildə təsis edilmişdir. Birləşmiş Millətlər Təşkilatının sürətlə dəyişən beynəlxalq mühitə sabit uyğunlaşma vasitəsilə cavab vermək imkanı diqqətəlayiqdir. Bu, bizə Təşkilatın üzləşdiyi problemlərin öhdəsindən gələcəyinə dair əminlik verir.

Azərbaycan terrorizm, şiddətli ekstremizm və separatçılığın bütün forma və təzahürlərini qınayır. Dövlətlərarası münasibətləri ehtiva edən silahlı münaqişələr və ya siyasi böhranlar zamanı beynəlxalq hüquq və hüquqi nizama, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək öhdəliyi kimi fundamental normalarla uyğun gəlməyən həll yolu qəbuledilməzdir.

Cari hadisələri nəzərə alaraq, Yaxın Şərq və Afrikadakı silahlı münaqişələrdən qaynaqlanan qaçqın böhranı ilə bağlı dərin narahatlığımızı ifadə etmək istərdim. Biz eyni dərəcədə dini dözümsüzlük, xüsusilə islamofobiya və dinləri terrorizmlə əlaqələndirmək cəhdləri kimi hallardan da narahatıq.

Cənab Prezident,

Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanaraq BMT-nin fəaliyyətlərinə konkret töhfələr verməkdədir. Mənim ölkəm 15 ildən artıq müddət ərzində BMT-nin mandatı əsasında regional təşkilatlar və ya ayrı-ayrı üzv dövlətlərin komandanlığı altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir. Biz hazırda Azərbaycanda təlim obyektlərini də təmin etməklə, BMT-nin sülhməramlı əməliyyatlarına dəstək verməkdə maraqlıyıq.

Minilliyin İnkişaf Məqsədləri (MİM) bütün dünyada inkişafın təşviqində mühüm rol oynayır. Bu baxımdan, Davamlı İnkişaf Məqsədlərinin sülh, rifah və inkişafa nail olunma üzrə qlobal səylərdə effektiv alət olacağına əminik.

Azərbaycan ötən illər ərzində bir çox MİM hədəfləri, xüsusilə kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi orta təhsilin təmini və gender bərabərliyinin təşviqi üzrə nəzərəçarpacaq nailiyyətlər əldə etmişdir. Davamlı inkişaf məqsədlərini nəzərə alaraq, Azərbaycan daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi üçün hazırda özünün milli davamlı inkişaf strategiyasını işləyib hazırlamaqdadır. Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın israrlı öhdəliyi, əzm və davamlı səylərinə verilən qiymətin təzahürü kimi ölkəmiz 2015-ci il üzrə Cənub-Cənub Mükafatına layiq görülmüşdür. 

Regionun bir çox ölkələrinin üzləşdiyi qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 2015-ci ilin birinci yarısında 5,7%-lik iqtisadi artım nümayiş etdirmişdir ki, qeyri-neft sektorundakı artım 9,2%-ə bərabər olmuşdur.

Azərbaycan dünya bazarında enerji infrastrukturu layihələri üzrə mühüm iştirakçıya çevrilmişdir. Bu sıraya Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirəcək TAP və TANAP layihələrinin inşası və Cənub Qaz Dəhlizi daxildir.

Azərbaycan eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars kimi strateji nəqliyyat infrastrukturu şəbəkəsinin təşəbbüskarıdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Portu qədim İpək Yolunun canlandırılması ilə Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan yaradacaqdır.

Azərbaycan informasiya və kommunikasiya texnologiyalarını inkişafın aparıcı qüvvəsi hesab edir və BMT çərçivəsində Avrasiyanın dənizə çıxışı olmayan ölkələri, o cümlədən Əfqanıstan və Mərkəzi Asiya üçün əlçatan və etibarlı genişzolaqlı qoşulma imkanını təmin etmək üçün işlənib hazırlanmış Trans-Avrasiya İnformasiya Magistralının (TASIM) təşəbbüskarı olmuşdur.

Azərbaycan insan məsələləri ölçüsündə insanlar arasında dözümlülüyü, multikulturalizmin və anlaşmanı təşviq etməyi davam etdirir. Biz 50 ölkədən olan 6000 idmançının iştirakı ilə Avropa qitəsinin tarixində İlk Avropa Oyunlarının bu il Bakı şəhərində keçirilməsindən və Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyindən şərəf hissi keçiririk. Biz Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakı şəhərində 7-ci Ümumdünya Forumunu keçirməyi planlaşdırır və bu tədbirin praktiki nəticələrinə ümid edirik.

Cənab Prezident,

Dünən Ermənistan prezidenti ümumi müzakirələr zamanı saxtakarlıq, təhrif və yalan yığımından ibarət çıxışında reallıqda öz hökuməti tərəfindən məhəl qoyulmayan və əksinə gedilən prinsip və dəyərlər barəsində mühazirə oxumağa cəhd etmişdir. Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla, azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin öldürülməsinin hələ də xatırlayır.

Ermənistanın müharibəyə başlaması və Azərbaycana qarşı güc tətbiq etməsi, onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi, bir milyona yaxın azərbaycanlını öz evlərindən zorla qovaraq zəbt edilmiş ərazilərdə etnik təmizləmə həyata keçirməsi və münaqişə ərzində digər ağır cinayətlər törətməsi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı gücün tətbiqini və nəticə etibarilə, onun ərazilərinin işğal edilməsini davamlı olaraq kəskin şəkildə pisləmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etmişdir. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq etmiş və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirmişlər.

Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə çıxardığı qərarda Azərbaycan ərazilərinin işğalı və azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını təsbit etmişdir. Bu qərara və beynəlxalq hüququn norma və prinsiplərinə tam şəkildə hörmətsizlik edərək, Ermənistan işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişməklə mövcud status kvonu daha da möhkəmləndirmək istiqamətində səylərini davam etdirir və öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının evlərinə qayıtması və mülkiyyətlərini əldə etməsi hüququnun ifadə olunmasına imkan vermir.

26 sentyabr 2015-ci il tarixində Ermənistan Prezidenti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat vermişdir. Biz qəti şəkildə bu yalan və təcavüzkar bəyanatı rədd edirik. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut edir və Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha bir etirafıdır. Bu Ermənistan rəhbərliyinin sülhə konstruktiv yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının göstəricisidir. Bu bəyanatda Ermənistan prezidenti hətta ölkəsinin dünyanın ən hərbiləşdirilmiş regionu olmasından fəxr etdiyini bildirir.

Bunların fonunda Ermənistanın etimad quruculuğu tədbirləri barəsində möhtəkirliyi yalandan başqa bir şey deyildir. Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir.

Effektiv etimad quruculuğu tədbirləri üçün ən vacibi və ilk növbədə təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status kvonun saxlanmasına xidmət edəcəkdir.
Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək. Biz heç bir zaman öz ərazilərimizin işğalı ilə barışmayacağıq. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək. Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

Azərbaycan BMT üzv dövlətlərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və onun suverenliyi və ərazi bütövlüyünə aid olan məsələlər üzrə dəfələrlə göstərdiyi prinsipial mövqeyi yüksək qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini müdafiə etmək istiqamətində qətiyyətli mövqeyinə, eləcə də, onun Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyinə güvənirik.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti