Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunda çıxışı
Qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunda çıxışı
Ər-Riyad, 13 may 2014-cü il
Hörmətli Əlahəzrət,
Hörmətli cənab Sədr,
Hörmətli həmkarlar,
İlk öncə, Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə və Hökumətinə Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forum”unun əsasını qoymaq təşəbbüsü, Forumun açılış mərasiminin mükəmməl təşkili, mənə və bizim nümayəndə heyətinə göstərilmiş səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildirmək istərdim.
Həmçinin bu təşəbbüsün həyata keçirilməsi üçün göstərdiyi davamlı səylərinə görə Ərəb Dövlətləri Liqasının Baş katibi Nabil Əl-Ərəbi və Baş katibliyə təşəkkürümüzü bildirmək istərdim.
Cənab Sədr,
Ərəb Dövlətləri ilə tarixi, dini və mədəni bağlılığı olan bir ölkə kimi, Azərbaycan Respublikası hər zaman Ərəb Dövlətləri Liqasının hər bir üzvü ilə möhkəm ticari, iqtisadi və siyasi sütunlara söykənən münasibətlərin inkişafına xüsusi önəm vermişdir. Həmçinin Ərəb Dövlətləri ilə olan dostluq əlaqələri İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası çərçivəsində mühüm və uzunmüddətli əməkdaşlıq üçün yol açmışdır.
Buna görə də məntiqlidir ki, Azərbaycan əvvəldən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya və Azərbaycan Forumu təşəbbüsünü alqışlamış və onun irəliləyişində fəal iştirak etmişdir. Qətiyyətlə inanırıq ki, bu mexanizm bizim siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət edəcək və daha çox qarşılıqlı anlaşma, hörmət və dəstəyi təmin edəcəkdir.
Cənab Sədr,
Azərbaycan hər zaman İslam Ümməti ilə onun kədər və problemlərinin bölüşməsində həmrəy olmuşdur. Bizim dəstəyimiz Azərbaycanın 2012-13-cü illərdə BMT TŞ-yə üzvlüyü zamanı xüsusilə aşkar və faydalı olmuşdur. Ərəb Dövlətləri Liqasının Baş katibi Nabil Əl-Ərəbiyə ünvanladığım məktubumda da qeyd etdiyim kimi, Azərbaycan BMT TŞ-də İslam Ümmətinin haqq işinə sadiq qalmış və BMT TŞ-dəki müzakirələrin predmeti olmuş Fələstin, Suriya böhranı, Sudan, İraq və Yəmən məsələlərində fəal mövqe nümayiş etdirmişdir. Bundan əlavə, 2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü və sədrliyi ilə ilk dəfə BMT TŞ-nin və İƏT-in “BMT və İƏT arasında birgə əməkdaşlığın gücləndirilməsi” mövzusunda xüsusi iclası keçirilmişdir. Bu tarixi görüşün nəticəsində BMT TŞ-yə qeyri-daimi üzv olan İƏT üzv dövlətinin sədrliyi ilə ildə iki dəfə belə iclasın keçirilməsi haqda razılıq əldə olunmuşdur.
Bu baxımdan, biz qardaş Fələstin xalqını və onların sülh, sabitliyə nail olunması, suveren və müstəqil Fələstin dövlətinin yaradılmsı üçün göstərdiyi səylərini dəstəklədiyimizi bir daha təkrar edirik. Biz, BMT BA-nın Fələstinə BMT-yə üzv olmayan müşahidəçi Dövlət statusu vermək qərarını və Fələstin Dövlətinin UNESCO-ya qəbulu kimi bir sıra həvəsləndirici hadisələr və müsbət irəliləyişlərin şahidi olmaqdan məmnunuq.
Həmçinin Azərbaycan regional və beynəlxalq təhlükəsizliyi təhdid edən və bir çox günahsız həyatların itirilməsinə səbəb olan Suriyadakı zorakılığın artmasından olduqca narahatdır. Biz, Suriyadakı böhranın sülh yolu ilə həllinin tapılması üçün BMT və Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləyirik.
Çox təəssüf ki, biz hələ də dinlərin diffamasiyası, dini nifrətə təhrik və İslamofobiya kimi çağırışların davam etməsi ilə üzləşirik. Həmçinin bu Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və stereotiplərin qarşısının alınmasında faydalı ola bilər.
Hörmətli Sədr,
Bildiyiniz kimi, Ermənistan Azərbaycan ərazilərinin hərbi işğal altında saxlamaq və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz dogma yurd-yuvalarına qayıtmasının qarşısını almaq üçün gücdən istifadə etməyə davam edir. Həm Ermənistan ərazisində, həm də işğal olunmuş ərazilərdə təhqirə məruz qalmamış Azərbaycan məscidi və digər müqəddəs yer, dağılmamış mədəni və tarixi abidələrimiz qalmamışdır.
Daha bir ciddi narahatlıq doğuran məsələ Ermənistan tərəfindən demoqrafik vəziyyəti dəyişmək və öz işğalını möhkəmləndirmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində Suriya ermənilərinin yerləşdirilməsidir. Bu kimi fəaliyyət beynəlxalq hüquq baxımından qeyri-qanunidir və dərhal dayandırılmalıdır.
Biz, zəbt olunmuş torpaqlarda həyata keçirilmiş məlum etnik təmizləmə ilə müşayiət olunan Azərbaycanın 20% ərazilərinin Ermənistan tərəfindən işğalını və təcavüzünü pisləyən davamlı mövqeyinə görə bir daha İslam Ümmətinə dərin minnətdarlığımızı bildiririk. Biz, İslam Ümmətinə BMT TŞ-nin, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində tələb olunduğu kimi Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, şərtsiz və tam çıxarılmasına səsləyən yekdil çağırışına görə xüsusilə minnətdarıq. Biz inanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair bu mövqe bütün Ərəb Dövlətləri Liqasına üzv qardaş dövlətlərin məsələyə yanaşmasında da öz əksini tapacaqdır.
Cənab Sədr,
Həmçinin Forum bizim iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi və münasibətlərimizin iqtisadi təməlini möhkəmləndirə bilər. Daha mütərəqqi sərmayə və ticarət əlaqələri qarşılıqlı iqtisadi fayda və fəaliyyətin genişlənməsinə təkan verəcəkdir. Dövlət və özəl sektorlardakı əməkdaşlıq modellərinin fəal şəkildə istifadə edilməsi həm resursların mobilizasiyası, həm də siyasi dəstək baxımından zəruridir.
Əməkdaşlığa dair gündəliyi hazırlayarkən, həm ikitərəfli, həm də daha geniş formatdan asılı olmayaraq, qarşılıqlı maraq doğuran spesifik sahələr istiqamətinə hədəflənərək, praktik olmalı və mərhələli yanaşmadan istifadə etməliyik. Bununla əlaqədar təklif olunmuş Fəaliyyət Plana dair öz fikirlərimizi bölüşmək istərdik:
1. Ticarət və investisiya təşviqi üzrə tədbirlər: ticarət missiyalarının təşkili; müntəzəm olaraq ticarət palatası və sərgilərin təşkili; biznes portalların istifadəsinin təşviqi. Bu baxımdan, 29 aprel 2014 il tarixində Ər-Riyadda keçirilmiş ticarət palatalarının birgə iclasının nəticələrini alqışlayırıq.
2. Nəqliyyat sektorunda əməkdaşlıq: bizim regionlarımızın tranzit və iqtisadi inteqrasiya potensialı əsasən istifadə olunmamış qalır. İnşası tamamlandıqdan sonra Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional nəqliyyat dəhlizi çərçivəsində marşrutların şaxələndirilməsini və Çindən Ərəb Dövlətlərinə mal axınını təmin edə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi potensial Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrini birləşdirən dəmir yolu sisteminə qoşula bilər.
3. Biz hamımız bilirik ki, ən yaxşı sərmayə təhsilə qoyulan sərmayədir. Azərbaycan təhsil sahəsində əməkdaşlığa təkan vermək məqsədilə xüsusi akademik mübadilə proqramlarının hazırlanmasına tam dəstək verməyə hazırdır.
4. Həmçinin sənaye və yanacaq-enerji sektorlarının inkişafında tətbiq edilən təcrübə və innovasiyaların öyrənilməsi bizim üçün böyük maraq doğurur.
5. Bəzi Ərəb Dövlətləri Liqası ölkələrində ənənəvi və inkişafda olan turizm sahələri mövcuddur. Biz, turizm iqdisadiyyatının və inkişafının təcrübə mübadiləsində maraqlıyıq və biznes və mədəniyyət sahələrində aparıcı rola malik olmaq istərdik.
6. İnformasiya axınının təmin edilməsi, xəbərlər mübadiləsinin həyata keçirilməsi və ictimai əlaqələr baxımından media sahəsində əməkdaşlıq.
Biz, Forumun işçi mexanizmini əməkdaşlıq sahələri üzrə, o cümlədən üsul və strukturlarının gələcəkdə müzakirələrinin davam etdriilməsinə ümid edirik.
Hörmətli cənab Sədr,
Sonda ümid edirəm ki, bu forum həmrəyliyimizi güçləndirəcək, regoinumuzun əhalisinə fayda gətirəcək və aramızda əməkdaşlığın yeni təzahürlərinin inkişafına təkan verəcəkdir.
Təşəkkür edirəm.