news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 oktyabr 2015

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasındakı çıxışı

qeyri-rəsmi tərcümə 
 
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasındakı çıxışı 

Nyu-York, 01 oktyabr 2015-ci il

 

 

Zati-aliləri cənab Baş katib Ban Ki-Mun,

Baş katibin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Zati-aliləri cənab Nasir Əbdüləziz Əl-Nasir,

Xanımlar və cənablar,

Dinə və ya etiqada əsaslanan dözümsüzlüyün, ayrı-seçkiliyin və şiddətin artmaqda olduğu müasir dünyada mədəniyyətlərarası və ya dinlərarası dialoq dözümlülüyün, davamlı sülhün, stabilliyin və inkişafın təşviq edilməsinin ən əhəmiyyətli vasitələrindən birinə çevrilmişdir. BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyunca dözümlülüyün, sülhün və qarşılıqlı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verir və bu məqsədlə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini tam dəstəkləyir.

Şərqlə Qərbin kəsişməsində yerləşən və bununla da hər iki sivilizasiyanın dəyərlərini qoruyub saxlayan Azərbaycan sivilizasiyalar arasında yalnız coğrafi körpü rolunu deyil, həmçinin mədəniyyətlərarası körpü rolunu da oynayır. Biz ölkəmizin mədəni müxtəlifliyini ona dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə töhfə verən və etnik və dini müxtəlifliyi dəstəkləməyə və icmalar arasındakı əlaqələri inkişaf etdirməyə geniş imkan verən güc və üstünlük hesab edirik.

Sivilizasiyalar Alyansının Dostları Qrupuna qoşulmasından sonra keçən dövr ərzində Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə region və digər ölkələrdən olan siyasi, mədəni və dini liderləri bir araya gətirərək çoxsaylı yüksək səviyyəli və əməli fəaliyyətə yönəlmiş tədbirlərə ev sahibliyi etmişdir. Biz 2016-cı ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Yeddinci Qlobal Forumunun Bakı şəhərində keçirilməsini planlaşdırır və bu tədbirin real nəticələr verəcəyinə ümid edirik.

Habelə, Azərbaycan bütün dünyada mədəni müxtəliflik ideyalarının yayılması məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürmüşdür. Biz 2011-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, YUNESKO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və İSESKO ilə tərəfdaşlıq çərçivəsində eyni zamanda “Bakı prosesi” kimi tanınan üç “Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu” təşkil etmişik.

Son olaraq mən bizim bugünkü iclasımızın stereotiplərin və anlaşılmazlığın öhdəsindən gəlməyə yönəlmiş səylərə əhəmiyyətli töhfə verəcəyindən və fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ədavəti azaltmaqla dialoqu, anlaşmanı və qarşılıqlı hörməti təşviq edəcəyindən əminliyimi bildirmək istəyirəm.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti