news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 oktyabr 2013

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT TŞ-nin 7050-ci iclasında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT TŞ-nin 7050-ci iclasında çıxışı

Nyu-York, 28 oktyabr 2013-cü il

Hörmətli Təhlükəsizlik Şurasının üzvləri!

Bu gün ilk dəfə olaraq Təhlükəsizlik Şurasının xüsusi iclasında BMT və İslam Əməkdaşlıq Təşkilatı arasındakı əməkdaşlıq məsələsi nəzərdən keçirilir. Bu özü özlüyündə nədənsə xəbər verir.

İƏT yalnız bütün müsəlman dövlətlərini təmsil edən təşkilat olmayaraq, özündə 57 üzv dövləti və dörd qitədən olan beş müşahidəçini birləşdirən BMT-dən sonra ikinci ən böyük hökumətlərarası təşkilatdır.

BMT və İƏT arasındakı əməkdaşlığın başlanması BMT Baş Assambleyasının 3369 (XXX) saylı qətnaməsinin qəbul edildiyi 1975-ci ilə təsadüf edir. Ötən dövr ərzində İƏT qlobal səviyyədə sülh və təhlükəsizliyin gücləndirilməsində və sülh mədəniyyətinin təşviqində BMT-nin mühüm tərəfdaşı olduğunu sübut etmişdir.

Təhlükəsizlik Şurasının gündəliyində yer alan bir çox məsələlər İslam dünyası ilə bağlıdır və İƏT-də təbii olaraq onların həlli ilə məşğuldur. Bu məsələlərin həllində qlobal, regional və yerli yanaşmalardan faydalanmaq üçün Təhlükəsizlik Şurası və İƏT arasında sıx əməkdaşlıq və əlaqələndirmə zəruridir.

Yaxın Şərqdə ədalətli, davamlı və müfəssəl sülhün bərqərar olunması və Ərəb-İsrail münaqişəsinin hərtərəfli həlli BMT və İƏT-in gündəliyində yer alan aktual məsələlərdən biri olaraq qalmaqda davam edir. Azərbaycan İsrail və Fələstin arasındakı birbaşa danışıqların bərpasına yönəlmiş səyləri dəstəkləyir. İki dövlət əsasında həllə nail olmaq üçün beynəlxalq səylərin davam etdirilməsi məqsədilə tərəflərin məsuliyyətlilik nümayiş etdirməsi və bütün regionda sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsi məqsədi daşıyan son hədəfə maneə yaradan addımlardan çəkinməsi mütləq dərəcədə vacibdir.

Cari ilin iyun ayında Azərbaycan İƏT-in üzv dövlətlərinin Xarici işlər nazirlərinin Müqəddəs Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfranslarına ev sahibliyi etmişdir. Konfransa qatılan İƏT üzv ölkələri və beynəlxlaq təşkilatlar Fələstinin iqtisadiyyatı, səhiyyə və təhsil sistemi və infrastruktur layihələrinin təkmilləşdirilməsinə töhfə vermək üçün maliyyə öhdəlikləri ilə çıxışlar etmişdilər.

Suriyaya gəldikdə isə, ümid edirik ki, son zamanlar Təhlükəsizlik Şurası tərəfindən nümayiş etdirilən yekdil və qətiyyətli mövqe bu ölkədə münaqişənin siyasi həllinin tapılmasına öz töhfəsini verəcək və Suriya xalqının əzab-əziyyətinə son qoyacaq və beynəlxalq hüquqa uyğun olaraq tərəflərin öz öhdəlik və məsuliyyətlərinə riayət etməsini təmin edəcəkdir.

BMT Nizamnaməsinə əsasən, Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə bilavasitə məsuldur. Buna görə də, Təhlükəsizlik Şurasının etibarlılığı və səmərəliliyindən əlavə, əsas diqqət xüsusilə münaqişələrin qarşısının alınması və həll edilməsi üzrə onun qəbul etdiyi qətnamələrinin həyata keçirilməsinə ayrılmalıdır.

İyirmi il bundan əvvəl, 1993-cü ildə, Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı güc istifadə etməsinə və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisinin iyirmi faizini işğal etməsinə və etnik təmizləməsinə münasibətdə dörd qətnamə qəbul etmişdir. Bu işğal nəticəsində bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu isə 9 milyon əhalisi olan Azərbaycanda hər doqquzuncu şəxsin qaçqın və ya məcburi köçkün olması deməkdir.

822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edir və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməmiş və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində 20 ildən artıq aparılan vasitəçilik səyləri hələ bir nəticə verməmişdir.

2005-2010-cu illərdə, BMT-dəki təşəbbüsümüz sayəsində ATƏT-in iki fakt araşdırıcısı və fakt qiymətləndirmə missiyası işğal olunmuş ərazilərə səfər etmişdir. Hər iki missiya həmin ərazilərdə qeyri-qanuni fəaliyyətlər, mühacirlərin yerləşdirilməsi, sərhədlərin geniş şəkildə yenidən cızılması, əzəli coğrafi adların dəyişdirilməsi və məscidlərin dağıdılması daxil olmaqla, mədəni mülkiyyət və müqəddəs yerlərə ayrı-seçkili yanaşma faktlarını sənədləşdirmişdi. Qeyd etməyə dəyər ki, Bakıdakı erməni kilsəsi tam şəkildə qorunur və saxlanılır.

Münaqişənin başlandığı vaxtdan etibarən Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələri əsasında, İƏT aydın şəkildə Ermənistanın Azərbaycan ərazisində törətdiklərini təcavüz kimi qiymətləndirmişdir. Qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə İƏT-in qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası çərçivəsində, Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirilməsində həlledici rol oynamışdır.

Ermənistanın ilhaqçı siyasəti mütləq şəkildə məhvə düçardır. Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz və vahid tərkib hissəsidir. Münaqişənin həllinə nail olmaq və iki dövlət arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir.

Hörmətli Şura Üzvləri,

Burada İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə verdiyi əsaslı töhfələr qeyd edilməlidir. İslam dinin sülh mənası daşıyan adının ifadə etdiyi kimi təmkinlik dinidir. İslam başqa dinlərə və inanclara hörmət və dözümlüyü təşviq və ehtiva edir. İslam dini və müsəlmanlar haqqında yanlış düşüncələr İslamafobiya fenomeninin davamlı və təhlükəli mənbəyinə çevrilərək, hər hansı fərq qoyulmadan müsəlmanlara qarşı xətalı təcrübələr və təhrikçi addımlarla nəticələnir. İslam və terror arasında konseptual əlaqənin yaradılması cəhdləri qəbuledilməzdir. Terrorizmə qarşı mübarizə hər hansı bir dinin və ya mədəniyyətin hədəfə alınması və ləkələnməsi kimi istifadə edilməməlidir. Görülmüş işlərin cari vəziyyəti yanlışlıq və böhtana qarşı çıxaraq birgə səylərin və dialoqun həyata keçirilməsi zəruriliyini təsdiqləyir.

Elə bu səbəbdən də bütün dünya boyunca dini və mədəni müxtəlifliyə hörmət və anlaşma ilə yanaşılmasının vacibliyinin vurğulanması zəruridir. BMT və İƏT-in birgə öhdəlikləri və gücləndirilmiş əməkdaşlığı tolerantlığın və sülhün yayılması istiqamətində aparılan dialoqun daha da inkişaf etdirilməsi üçün ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında daha yaxşı anlaşmanın əldə olunmasında əvəzolunmazdır.

Bu gün dünyanın üzləşdiyi problemlər çoxsaylı və mürəkkəb olduğundan sülh və təhlükəsizlik təkcə hərbi deyil, iqtisadi, sosial, tərəqqi və çoxmədəniyyətlilik mahiyyəti daşıyır.

Bu anlamda bugünkü müzakirəmizin başlığında göstərildiyi kimi hər bir üzv dövlətin bu əməkdaşlığı gücləndirmək, qarşılıqlı dəstək və anlaşmanı artırmaq üçün oynadığı rol və verdiyi töhfənin tənqidli şəkildə təhlil edilməsinə ehtiyac vardır.

Azərbaycan İƏT və eyni zamanda ATƏT, Avropa Şurası və digər Avropa təşkilatlarının üzvüdür. Müvafiq olaraq, bu bizim beynəlxalq arenadakı fəaliyyətlərimizdə öz əksini tapmışdır. Bu səbəbdən Azərbaycanın sülh, təhlükəsizlik və tərəqqi yolunda verdiyi töhfələrin bir neçəsini sizinlə bölüşmək istərdim.

2012-ci ilin may ayında Təhlükəsizlik Şurasına ilk sədrliyimiz dövründə Şuranın gündəliyində duran ən ciddi məsələlərdən biri olan beynəlxalq terrorizmin aradan qaldırılması üçün görülən tədbirlərə dair xüsusi iclas keçirilmiş və sədr tərəfindən bəyanat qəbul edilmişdir.

Terrorizmə qarşı mübarizəyə verilən töhfələrdən biri kimi, Azərbaycan 2002-ci ildən etibarən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) ilk qoşulan ölkələrdən biri olmuşdur. Tərəfdaşlarımızın ehtiyaclarını qarşılayaraq mürəkkəb daşıma əməliyyatlarına yardım göstərmiş və Əfqanıstan üçün bir sıra mina təmizləmə və digər təlim kursları təşkil etmişik.

Son on ildə Azərbaycan yoxsulluğun həddini 49%-dən 6%-ə endirərək, bir milyondan artıq yeni iş yeri açaraq “Minnilliyin İnkişaf Məqsədləri” çərçivəsində nəzərəçarpacaq inkişafa nail olmuş, ümumdaxili məhsulun istehsalını üç dəfə artıraraq 2013-2014-cü illər üzrə Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik İndeksi reytinqində 148 ölkə içərisində 39-cu yeri tutmuşdur.

Bu nailiyyətlər Azərbaycana Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf yolunda göstərdiyi cəhdlərinə donor ölkə kimi töhfə vermək imkanı qazandırmışdır. Bu Azərbaycanın tarixində və beynəlxalq arenadakı fəaliyyətində açılan tamamilə yeni bir səhifədir. AİDA - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi 20-dən artıq ölkədə müxtəlif yardım proqramları həyata keçirmişdir. Heydər Əliyev Fondu da öz növbəsində müxtəlif humanitar və sosial proqramlar yerinə yetirmişdir.

Azərbaycan etibarlı tərəfdaş olaraq, dünya bazarını böyük həcmdə karbohidrogen resursları ilə təmin etməklə enerji təhlükəsizliyinin təmin olunmasında artmaqda olan vacib rolunu oynamaqda davam edir. İki yeni layihə olan TANAP və Trans-Adriatik boru kəməri (TAP) Avropa bazarlarına qaz təchizatının artırılması üçün icra edilirlər. Bundan əlavə, minlərlə yeni iş yerləri təklif etmək və böyük miqdarda xarici birbaşa investisiyalar cəlb etməklə, Trans-Adriatik boru kəməri böhrandan sonra dirçələn bəzi Avropa ölkələrinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlıq bizim əsas prioritetlərimizdəndir. Bu il fəzaya çıxarılmış ilk milli telekommunikasiya peykimiz təkcə yerli istehlakçılarımızı deyil, eləcə də Asiya və Afrikanın yararlanması üçün istifadəyə verilmişdir.

Bundan əlavə, Azərbaycan elektron bağlantını gücləndirmək üçün regionlararası platforma rolunu oynayan Avrasiya rabitə alyansının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Biz üzv dövlətlər tərəfindən bu təşəbbüsə verilən dəstəyi alqışlayır və bu məsələdə maraqlı olan hökumət və digər tərəflərlə gələcək əməkdaşlığa ümidvarlığımızı ifadə edirik.

Azərbaycan, Asiya və Avropa kimi iki böyük qitə arasında yerləşən, Şərq və Qərbin qovuşduğu, dünyanın əsas dinlərinin dinc tərzdə mövcud olduğu, müxtəlif mədəni dəyər və ənənələrinin ahəngdar şəkildə bir-birini tamamladığı unikal bir məkandır. Təsadüfi deyildir ki, ölkəmiz, sivilizasiyalar arasında dialoqun təşviqinə yönəlmiş, müxtəlif din və mədəniyyət nümayəndələri arasında daha yaxşı anlaşmanı yaradan çoxsaylı beynəlxalq forumların keçirildiyi məkana çevrilmişdir. Üç gün sonra, 31 oktyabr tarixində biz III Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edəcəyik.

Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir və biz Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən və 2018-ci ildə Azərbaycanın digər qədim şəhəri olan Naxçıvanın bu şərəfli adı öz üzərinə götürəcəyindən qürur duyuruq.

Bu bizim üçün eyni dərəcədə önəmlidir ki, 2008-ci ilin dekabr ayında Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında başlanılan Bakı Prosesi Avropa və onun ətraf regionları arasında mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsini nəzərdə tutur. Azərbaycan Sivilizasiyalar alyansının dostları qrupunun fəal üzvüdür və onun fəaliyyəti üçün çox köməklik göstərmişdir.

2015-ci ildə Azərbaycan ilk dəfə Avropa Oyunlarına və 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Bütün bunlar bir daha onun bariz və aydın göstəricisidir ki, bu gün Azərbaycan beynəlxalq və regional səviyyədə əsl körpü rolunu oynayır. Bütün bu fəaliyyətləri biz beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında ən yaxşı töhfələr hesab edirik.

Bu ilin dekabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü tamamlanır. Bu iki il böyük təcrübə və kollektivin fəaliyyət ilə xarakterizə olunur. Mən sizin hamınızı bir daha əmin edirəm ki, Azərbaycan etibarlı tərəfdaş və həqiqi dost olaraq qalacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti