news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 dekabr 2011

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 18-ci iclasında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 18-ci iclasında çıxışı

Vilnüs, 7 dekabr 2011-ci il

Cənab Sədr,

Xanımlar və cənablar,

Mən Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Litvanın Xarici İşlər Naziri cənab Audronius Azubalisə və onun komandasına öz təşəkkürümü bildirmək istərdim. Cənab Eamon Gilmoru ATƏT-in növbəti Sədri kimi təbrik edirəm və ona işində uğurlar arzulayıram.

Əziz həmkarlar,

Azərbaycan ATƏT-in tam hüquqlu üzvü kimi, ATƏT-i regionda təhlükəsizliyin təmin edilməsi üçün yeganə hərtərəfli və regional təşkilat kimi qiymətləndirir. Biz inanırıq ki, bu Təşkilat iştirakçı ölkələr arasında açıq dialoqun aparılması, onların ərazilərində olan münaqişələrin həll edilməsi və razılaşdırılmış prinsiplər, birgə dəyərlər və öhdəliklər əsasında təhlükəsizlik məsələlərində əməkdaşlığa rəvac verir. ATƏT özünün əsas prinsipi olan təhlükəsizliyin bölünməzliyi və separatçı təhlükəsizlik birliyinin bölünməsinin qarşısının alınmasına sadiq qalmalıdır. Hər bir iştirakçı ölkənin təhlükəsizliyi digərlərinin təhlükəsizliyinə ayrılmaz tellərlə bağlıdır. Bu, bizim təhlükəsizlik birliyimizi təsdiqləyən mövqedir.

ATƏT-in prinsiplərini təşviq edərkən, 1992-ci il Helsinki Sənədinin III bölməsinə və 1994-cü il Budapeşt Sənədinə müvafiq olaraq ATƏT-ə verilmiş mandat əsasında erkən xəbərdarlıq, münaqişələrin qarşısının alınması, böhranlı vəziyyətin idarə olunması, fakt araşdırıcı, məruzəçi missiyalar, ATƏT-in polis qüvvələri və sülhməramlı əməliyyatlarda iştirakı və münaqişələrin həlli sahəsində Təşkilatın imkanlarının inkişaf etdirilməsi istiqamətində fəal iştirak etməliyik.

Cənab Sədr,

Müstəqilliyin ilk illərində yaşadığımız böyük çətinliklərə baxmayaraq, bu günlərdə Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və son bir neçə ildə ardıcıl olaraq, dünyada ən yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirməklə yanaşı, təhlükəsizlik qəbuledicisindən təhlükəsizlik təmin edən bir ölkəyə çevrilmişdir. Son 5 ildə biz ölkənin ÜDM-ni 3 dəfə, büdcəni isə təqribən 10 dəfə artıra bilmişik.

Azərbaycan ATƏT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığa dair öz müsbət təcrübəsi və biliyini, o cümlədən enerji təhlükəsizliyi, ərazilərin minalardan təmizləməsi, terrorizmlə mübarizə, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin daşınmasına qarşı mübarizə və Əfqanıstanda təhlükəsizlik, sabitlik və inkişafa tövhə sahələrində təcrübəsini paylaşmağa hazırdır.

Azərbaycan gənc demokratik bir ölkə kimi, insan hüquqları və fundamental azadlıqlara hörmətlə yanaşmağa, ölkədə qanunun aliliyini təmin etməkdə və iqtisadi islahatları təşviq etməkdə davam edir. Biz qətiyyətlə inanırıq ki, bu səylər hərtərəfli inkişafı və Azərbaycanın dünyanın demokratiya ailəsinə daha da inteqrasiyasını möhkəmləndirəcəkdir.

Cənab Sədr,

Azərbaycan Avropada enerji təhlükəsizliyinin qorunmasında başlıca rol oynayan və əsas regionlararası layihələri dəstəkləyən ölkələrdən biri olaraq, Cənubi Qafqaz regionunun gələcəyində müəyyənedici rol oynayır, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş hər hansı bir təhlükənin təkcə Azərbaycanın və Cənubi Qafqaz kontekstində deyil, eyni zamanda Avropanın təhlükəsizliyinə, sabitliyinə və inkişafına yönəlmiş təhlükə kimi dəyərləndiriləcəyini gözləməkdə haqlıdır.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi Cənubi Qafqazın bütövlükdə inkişafının qarşısını alır və ATƏT-in əhatə etdiyi regionda uzunmüddətli sabitliyi və təhlükəsizliyi sarsıdır.

Sülh prosesi çox mühüm bir mərhələdədir. Biz inanırıq ki, status-kvonun davam etməsi regionda qeyri-müəyyən və gözlənilməz təhlükəsizlik şəraiti yaradır. ATƏT-in Minsk Qrupuna üzv ölkələrin başçıları açıq-aydın şəkildə regionda status-kvonun mövcudluğunun qəbuledilməz olduğunu bəyan etmişlər. Üç həmsədr ölkələr tərəfindən tərtib edilmiş yenilənmiş Madrid Prinsipləri adlanan sonuncu təklif tərəflərə təqdim edilmiş və bununla əlaqədar Azərbaycan danışıqları davam etməyə, o cümlədən Hərtərəfli Sülh Sazişi üzərində çalışmağa başlamağa hazır olduğunu bəyan etmişdir. Təəssüf ki, bu təklif Ermənistan tərəfindən rədd edilmişdir.

Danışıqlarda irəliləyişin əldə edilməsi yalnız regionda deyil, eyni zamanda öz ölkəsində də davamlı sülhə, təhlükəsizliyə və sabit inkişafa nail olunmasına yönəlmiş bu gün ki status kvonun dəyişdirilməsinə dair Ermənistanın iradəsindən asılıdır. Bu gün münaqişənin həllində üzləşdiyimiz ən böyük məsuliyyət Ermənistan və Azərbaycan arasında etimadın yenidən yaradılmasıdır. Bunu əldə etmək üçün bir çox cəhdlər göstərməliyik.

Bir milyon qaçqın və məcburi köçkünü olan və ərazisinin 20%-i erməni işğalı altında olan Azərbaycan üçün bu asan deyil. Biz inanırıq ki, bu istiqamətdəki addımlardan biri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasların və görüşlərin təşkili ola bilər. Yaranmış bu durumda insanlar arasındakı birbaşa təmaslar fərqli mühit yarada bilər.

Mehriban qonşuluq yaxşı inkişafın pillələrindən biridir. Ermənistan Azərbaycan ərazisini işğal etməklə özünün daxili siyasi, sosial və iqtisadi həyatına təsir edən və büdcəsində hərbi xərcləri sürətlə artmasına səbəb oldu. Təsəvvür edin, Ermənistanın Azərbaycan torpaqlarından tədricən çəkilən kimi nə qədər imkanlar yaranacaqdır. Münaqişədən zərər çəkmiş ərazilərin bərpa edilməsi, kəsilmiş kommunikasiyaların bərpası, iqtisadi və biznes imkanlarının açılması, investisiyalar, ticarətin artması və ən əsası müəyyənlik və təhlükəsiz şəraitin yaradılması tərəfləri qane edə biləcək vəziyyətə gətirib çıxaracaqdır.

Azərbaycan bizim Təşkilatın əsas sənədi olan Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında zəruri kompromislər etməyə hazırdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yanaşı yaşayan azərbaycanlı və erməni icmaları özünü idarəetmə çərçivəsində bütün müvafiq hüquq və azadlıqlarla malik ola bilərlər.

Gələn il biz ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında danışıqların 20-ci ildönümünü qeyd edəcəyik, lakin çox təəssüflər olsun ki, hələ də heç bir irəliləyiş qeydə alınmamışdır. Azərbaycan xalqı hələ də ümid edir ki, erməni xalqı bu münaqişənin davamlı və uzunmüddətli həllinin faydasını dərk edəcəkdir. Bu, regional əməkdaşlıq və ümumilikdə Cənubi Qafqazın inkişafı üçün real perspektivlər açacaqdır.

Cənab Sədr,

Sonda, Mən öz ölkəm adından, İsveçrə və Serbiyanın müvafiq olaraq 2014 və 2015-ci illərdə Sədrliyə dair namizədliklərinə dəstəyimizi ifadə etmək istərdim.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti