news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 fevral 2013

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında çıxışı

Qahirə, 11 fevral 2013-cü il

Hörmətli cənab Sədr,

Hörmətli cənab Baş katib,

Zati-aliləri, xanımlar və cənablar,

İlk öncə 12-ci İslam Əməkdaşlıq Təşkilatı Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etdiyinə və tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə cənab Sədr, Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri Məhəmməd Mursiyə və Misir xalqına səmimi qarşılama və bizə göstərdikləri yüksək qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirirəm.

Həmçinin, Misir Ərəb Respublikasını İƏT Sammitinə Sədrliyi üzərinə götürdüyünə görə təbrik edir və bu olduqca qonaqpərvər ölkənin rəhbərliyinə şərəfli vəzifələrin həyata keçirilməsində uğurlar arzulayırıq.

Eyni zamanda, İƏT-in proqramları və fəaliyyəti sahələrində əldə olunmuş uğurları böyük məmnunluq hissi ilə izləyirik. Bu baxımdan, Seneqal Respublikasına İƏT-ə sədrlik missiyasını uğurla başa vurduğuna görə təşəkkürümü bildirirəm.

Zati-aliləri, xanımlar və cənablar,

Biz dünyada geniş miqyaslı təsirlərə səbəb olan sürətlə dəyişən dövrdə yaşayırıq. Səmərəli əməkdaşlıq üçün imkanlar açan fəaliyyət və birgə reaksiyaya səsləyən çağırışlarla üzləşirik. Bu baxımdan, davam edən münaqişələr, xüsusilə müsəlman dünyasında baş verən münaqişələr istisna deyil.

Azərbaycan hazırda müsəlman dünyasında, xüsusilə də Yaşın Şərq, Afrika qitəsi və və digər regionlarda cərəyan edən və narahatlıq doğuran hadisələrdən dərin narahatdır.

Biz qardaş Fələstin xalqının sülh, əmin-amanlıq və özlərinin müstəqil dövlətinin yaradılması uğrunda apardığı mübarizəsini tam dəstəkləyirik. Biz artıq bu istiqamətdə müəyyən irəliləyişin olduğunu, xüsusilə də Fələstin Dövlətinin YUNESKO-ya qəbul olunması, həmçinin, BMT-də qeyri-üzv müşahidəçi statusu əldə etməsini müsbət nailiyyət kimi qəbul edirik.

Eyni zamanda biz Suriyada dəhşətli zorakılıq səhnələrini izləyirik. Bunlar bizi narahat edən digər məsələdir. Azərbaycan Suriyadakı vəziyyətlə bağlı öz dərin kədərini bildirir və böhranın təcili həllinə çağırır. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan diplomatik dialoq prosesini fəal şəkildə dəstəkləməyə hazırdır. Eyni zamanda İƏT üzvlüyü çərçivəsində Azərbaycan böhranın sülh yolu ilə həlli istiqamətində bu təşkilat tərəfindən həyata keçirilən bütün addımlara öz tam dəstəyini ifadə edir və bu tədbirlərdə iştirak etməyə hazırdır.

Azərbaycan Malidə baş verənləri dərin narahatlıqla izləyir. Biz terrorçuluq və separatçılığa qarşı ciddi mübarizə aparılmasını dəstəkləyir, həmçinin, Malinin ərazi bütövlüyü və suverenliyinə tam dəstəyimizi ifadə edirik.

Azərbaycan İslam ümmətinə, hər bir müsəlman ölkəsinə və İƏT-in Baş Katibinə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün pislənməsində qətiyyətli mövqeyinə, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması istiqamətində İƏT-ə üzv ölkələrin dəstəyinə görə öz dərin minnətdarlığını bildirir. Biz həmçinin, BMT Təhlükəsizlik Şurası, İƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlarda göstərildiyi kimi, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması ilə bağlı İƏT-in bütün üzvlərinin çağırışlarını yüksək qiymətləndiririk.

Biz həmçinin, “İƏT Anım Günü proqramı” çərçivəsində başladılmış “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına diqqətinizi çəkmək istərdik. Bu kampaniya 1992-ci ilin fevral ayında Xocalı şəhərində Ermənistanın silahlı qüvvələri tərəfindən insanlığa qarşı cinayət olan Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırımı ilə bağlı tarixi həqiqətin yayılmasına yönəlmişdir. Azərbaycan İƏT-ə üzv ölkələri bu soyqırımı bəşəriyyətə qarşı cinayət kimi milli və beynəlxalq səviyyədə tanınmasına çağırır.

Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq, Azərbaycan İƏT-ə üzv ölkələrin hökumətləri tərəfindən İslam Ümmətində baş verən bütün böhran və münaqişələrin həlli və sülh və təhlükəsizliyin bərpasına yönəlmiş cəhdləri tam dəstəkləyir. Biz münaqişələrdən əziyyət çəkənlərə və ehtiyacı olanlara müvafiq humanitar və maliyyə yardımı da daxil olmaqla, bu cəhdlərə töhfə vermək və bütün imkanlarımızla onları daha da inkişaf etdirmək üçün əlavə tədbirlər görməkdə davam edəcəyik.

Zati-aliləri, xanımlar və cənablar,

İslam dini tarixən özünün ali məqsədlərini və zəngin mədəni irsini qoruyub saxlamış və yaymışdır. Dünyada sülhün və dözümlülüyün dəstəklənməsi kimi prinsiplərə sadiq qalaraq, İslam sivilizasiyaların inkişafına zəngin töhfə verməklə millətlər arasında ahəngdar münasibətləri və rifahı təmin etmişdir. Bütün bunlara baxmayaraq, İslam Ümmətinə qarşı mövcud İslamofobiya meylləri bizdə təəccüb doğurur. Dünyanın ən tolerant ölkələrindən olan Azərbaycan Respublikası hər zaman dinlərin təhqir olunması və dini nifrətə çağırışa qarşı kəskin mübarizə aparmağı dəstəkləmişdir. Bu ənənəni davam etdirərərək, biz bütün dinlərin təhqir olunmasının qarşısının alınması üçün beynəlxalq səviyyədə məcburi hüquqi mexanizmin yaradılması imkanlarının araşdırılması istiqamətində İƏT-in səylərini tam dəstəkləyirik. Biz hesab edirik ki, bu tədbirlər İƏT-in müvafiq qurumları vasitəsilə əlaqələndirilməlidir və ümid edirik ki, bu tədbirlər müsbət nəticələr əldə ediləcəkdir.

Azərbaycan, Avropa və Asiyanın kəsişdiyi coğrafi məkanda yerləşdiyindən, əsrlər boyu Qərb və Şərq sivilizasiyalarını birləşdirən körpü rolunu oynamışdır. Azərbaycan Respublikası İƏT hədəflərini və İslam dəyərlərini hər zaman təbliğ etmişdir. İƏT-ə üzv ölkə kimi biz İƏT tərəfindən həyata keçirilən bütün fəaliyyət və proqramlarda iştirak edirik. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan hökümətinin xarici siyasətinin əsas prioritetlərindən biri İƏT-ə üzv ölkələrlə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın gücləndirilməsidir.

Bundan əlavə, Azərbaycan təşkilatın Onillik Fəaliyyət Proqramını və onun əsasında qəbul edilmiş müvafiq tədbirləri dəstəkləyir. Bu çərçivədə, İƏT-in proqram və təşəbbüslərini dəstəkləyərək, Azərbaycan ötən il könüllü olaraq İƏT Baş Katibliyinə üç milyon ABŞ dolları ianə vermişdir.

Terrorçuluqla mübarizə sahəsində BMT ilə davamlı əməkdaşlığımızın bir hissəsi kimi, BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) və İSESKO ilə birgə 2013-cü ilin 18-19 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin himayəsi altında “Terrorizmin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir

Həmçinin, İƏT-ə üzv ölkələrin Əmək Nazirləri Konfransının keçirilməsi ilə bağlı müraciətə cavab olaraq , Azərbaycan Respublikasının Hökuməti bu konfransı cari ilin 23-26 aprel tarixində Bakı şəhərində təşkil edəcəkdir. Biz təşkilata üzv öklələri bu mühüm tədbirlərdə fəal iştirak etməyə çağırırıq.

Azərbaycan Respublikasının hökuməti qadınların hüquqlarının müdafiəsi, xüsusilə də onların ölkənin sosial və siyasi həyatında iştirakının artırılmasına xüsusi diqqət yetirir. Biz həmçinin, qadın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi prosesində fəal iştirak edirik. Bu baxımdan, biz böyük məmuniyyətlə 2014-cü ildə Azərbaycanda İƏT-ə Üzv Dövlətlərin İnkişafında Qadınların Roluna mövzusunda nazirlər səviyyəsində 5-ci konfransa ev sahibliyi edəcəyik.

Fürsətdən istifadə edərək mən, İƏT-in Baş Katibi Professor Ekmələddin İhsanoğlu və onun yüksək peşəkar kollektivinə bizim təşkilatın prinsip və məqsədlərinin reallaşdırılması istiqamətində göstərdikləri peşəkarlığa görə minnətdarlığımı və təşəkkürümü bildirir və cənab İyad Amin Madanini təşkilatın yeni Baş Katibi seçilməsi münasibətilə təbrik edirəm.

Sonda bəyan etmək istərdim ki, İslam ümməti daxilində birlik və həmrəyliyin qorunub saxlanması naminə Azərbaycan növbəti İƏT Zirvə Toplantısına ev sahibliyi etməklə bağlı namizədliyini geri götürmüşdür. Mən Türkiyəni 2016-cı ildə İƏT-in Zirvə Toplantısına ev sahibliyi edəcəyi ilə bağlı təbrik edirəm. Mən əminəm ki, biz İslam ümmətinə daxil olan hər bir ölkənin rifahı, sabitliyi və sülh şəraitində yaşamasına yönəlmiş bütün ali məqsədlərimizə nail olacağıq.

Təşəkkür edirəm!

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti