news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 oktyabr 2010

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun NATO-nun Şimali Atlantika Şurasının 28+1 formatda keçirilən iclasında çıxışının hissələri

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun NATO-nun Şimali Atlantika Şurasının 28+1 formatda keçirilən iclasında çıxışının hissələri

Brüssel, 1 oktyabr 2010-cu il

Bu il münaqişənin sülh yolu ilə həllində mühüm mərhələ olmuşdur. Azərbaycan və Ermənistan Respublikası prezidentlərinin 2010-cu ilin 25 yanvar tarixində Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşündə Ermənistan tərəfi 2009-cu ilin dekabr-2010-cu ilin yanvar ayında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistana təqdim edilən yenilənmiş Madrid prinsiplərinə hər hansı bir reaksiya vermək üçün iki həftəlik müdət istəmişdir. Bu ilin iyun ayında Sankt-Peterburq şəhərində keçirilmiş son görüş də nəticəsiz olaraq qalmışdır.

ATƏT-in Minsk qrupu tərəfindən Ermənistan və Azərbaycana təqdim edilmiş mərhələli yanaşma ilə bağlı təklif prinsipcə Azərbaycan tərəfindən Ermənistan –Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün yaxşı əsas kimi qəbul olunub. Fransa, Rusiya Federasiyası və ABŞ-ın prezidentləri Böyük Səkkizlərin Sammiti çərçivəsində 2009-cu ildə İtaliyada, 2010-cu ildə isə Kanadada birgə bəyanatla çıxış edərək, hərtərəfli sülh sazişi layihəsinin hazırlanmasının başlanmasına imkan yaradacaq növbəti addımın atılmasına və lazımı işin tamamlanmasına ehtiyacın olması zəruriliyi ilə bağlı tam razılıqlarını ifadə etmişlər. Təəssüf ki, Ermmənistan hələ də həmsədrlərin təklifinə müəyyən cavabın verilməsini uzadır.

Bu ilin yayından başlayaraq Ermənistan öz destruktiv mövqeyi ilə sülh prosesindən boyun qaçıraraq, atəşkəs rejimini pozmaq hallarını artırmışdır. Ermənistan tərəfinin digər məqsədlərindən biri də Minsk qrupu həmsədrlərinin diqqətini aktual olan sülh prosesindən atəşkəs rejiminin texniki aspektlərinə yönəltməkdən ibarətdir.

...

Biz insan tələfatının azalmasında atəşkəs rejiminin möhkəmliyinin vacibliyini qəbul edirik. Lakin beynəlxalq ictimaiyyət yalnız 1994-cü ildə münaqişənin həllini sürətləndirmək məqsədi ilə müvəqqəti qəbul olunmuş atəşkəsin texniki aspektləri ilə məşğul olmamalıdır. Atəşkəs rejiminə sadiq qaldığımızı təsdiqləyərək və Ermənistanı cəbhə xəttində təxribat xarakterli pozuntuları dayandırmağa çağıraraq, sülh prosesində irəliləyişin əldə olunması naminə səylərin ikiqat artmasına ümid edirik, çünki uzun müddət davam edən bu münaqişənin həlli təmas xəttində gənc əsgərlərin həlak olmasının və cəbhə xəttinə yaşayan yerli əhalinin öz evləri ətrafında öldürülmələrinin qarşısının alınmasında yüz faizlik təminat verən yeganə çıxış yoludur.

...

Bizim vəziyyətimiz hal hazırda çox həssasdır. Məsələ tək Ermənistanın ATƏT-in Minsk qrupunun təklifini qəbul edib etməməsi deyil. Bu Ermənistanın həqiqətən hər hansı bir şərt altında və hər hansı bir formada mövcud status-quonun dəyişmək niyyətində olub olmamasıdır.

...

Bizdə şübhələr yaranmağa başlayır. Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmaması ilə bağlı bir çox narahatedici işarələr mövcuddur. Ermənistan sülh prosesindəki destruktiv mövqeyini gündəlik əsasda davam etdirir. Ermənistan işğal olunmuş ərazilərdə yaşayış məntəqələrin artmasını dəstəkləyir, işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və tarixi irsi sistematik şəkildə dağıdılır, zorakılıq nəticəsində qovulmuş azərbaycanlı əhalinin mülkiyyəti mənimsənilir, işğal olunmuş ərazilərin guya “tarixən erməni” olması iddialarının əsaslandırılmasına yönəlmiş qeyri-qanuni arxeoloji qazıntılar aparılır, erməni xəritələrində işğal olunmuş ərazilər, o cümlədən Dağlıq Qarabağın ətrafında yerləşən ərazilər Ermənistanın hissəsi kimi göstərilir. Digər sözlərlə desək, Ermənistan vəziyyəti dəyişdirilməz hala salmağa çalışır. Bu təxribat əməllər üzərimizdə əlavə olaraq vaxt təzyiqini artırır. Sülh prosesində Ermənistanın destruktiv mövqeyi, işğal olunmuş ərazilərdəki əməlləri, habelə cəbhə xəttindəki təxribatlar və işğal olunmuş ərazilərdə həyata keçirilən hərbi təlimlər vəziyyəti təhlükəli edir. Bütün bunlara baxmayaraq, güzəştli ruhda iş apararaq və həmçinin həmsədrlərin xahişlərini nəzərə alaraq, biz “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsinin irəli sürülməsini təxirə saldıq. Lakin biz heç bir xülya altında olmamalıyıq: sülh prosesinə zərbə vuran işğal altında olan ərazilərdə aparılan qeyri-qanuni işlərdir, onların BMT və yaxud digər təşkilatlarda baxılması deyil.

...

Son zamanlar güc tətbiq olunmaması vacibliyi ilə bağlı Ermənistan tərəfindən təbliğat xarakterli söhbətlər aparılır. Qonşumuz, Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək, Azərbaycanın böyük bir hissəsini işğal etmiş, yüz minlərlə etnik azərbaycanlını öz torpaqlarından deportasiyaya mətuz qoymuşdur. Ermənistan işğal etdiyi ərazilər, o cümlədən Dağlıq Qarabağın ətrafındakı ərazilərə nəzarətini saxlamaq məqsədi ilə güc istifadə etməkdə davam edir və bununla məcburi köçkünlərin öz evlərinə qayıtmalarına maneə olur. Ermənistan tərəfindən davamlı şəkildə gücün istifadə edilməsi Azərbaycan və beynəlxalq ictimaiyyət üçün problem yaradır. Beynəlxalq ictimaiyyət status-quo davamlı şəkildə gücün istifadə edilməsinin qəbul olunmazlığını birmənalı şəkildə bəyan etməli və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunmasını dəstəkləməlidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti