Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə çıxışı
11 dekabr 2023-cü il
Brüssel
Ali Nümayəndə Jozep Borrell,
Komissar Oliver Varhelyi,
Hörmətli həmkarlar,
Öncəliklə, bugünkü nazirlər görüşünün təşkilatçılarına təşəkkürümü bildirirəm. Bu görüş “Şərq Tərəfdaşlığı” ilə bağlı hazırkı vəziyyəti nəzərdən keçirmək və növbəti addımlar barədə qərar qəbul etmək üçün yaxşı fürsətdir.
Azərbaycan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün əsasının qoyulmasından bəri hər zaman tərəfdaş ölkələr arasında daxili vəziyyət, iqtisadi inkişaf və xarici siyasət baxımından nəzərəçarpacaq fərqlərin mövcud olduğunu qeyd edib. Biz, “Şərq Tərəfdaşlığı”nın prioritetlərinin də bölgədəki reallıqlara və davam edən regional təşəbbüslərə müvafiq müəyyən edilməli olduğuna inanırdıq. Azərbaycan üçün “Şərq Tərəfdaşlığı” hər zaman Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizi dəstəkləyən və tamamlayan platforma rolunda çıxış edib.
Bir çox hallarda və “Şərq Tərəfdaşlığı” sənədlərində tərəfdaşlarla münasibətlərdə fərqli və fərdi yanaşmanın zəruriliyi vurğulansa da, əslində Aİ tərəfindən bu prinsiplər subregional kontekstdə, o cümlədən Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı üçün geniş imkanlar da daxil olmaqla, hələ də tətbiq olunmayıb.
Biz hələ də, düzgün yanaşma və regional inkişaf tendensiyalarına uyğunlaşma ilə Şərq Tərəfdaşlığının Aİ-nin regionla əməkdaşlığına və cəlb olunmasına müsbət töhfə verə biləcəyinə inanırıq. Artıq Şərq Tərəfdaşlığının görüntüsünə deyil, canlanmasına sərmayə qoymağın vaxtıdır.
Biz Aİ-Mərkəzi Asiya Strategiyasına uyğun olaraq, regional nəqliyyat, enerji və rəqəmsal bağlantıları inkişaf etdirmək üçün Mərkəzi Asiyadan tərəfdaşlar ilə əlaqəni tam dəstəkləyir və təşviq edirik. Biz Mərkəzi Asiyadan tərəfdaşların müvafiq Şərq Tərəfdaşlığı tədbirlərində potensial iştirakını dəstəkləyir və təşviq edirik.
Biz, həmçinin Qərbi Balkan ölkələri ilə daha geniş əlaqələrin daha möhkəm və bir-biri ilə əlaqəli region quruculuğunda faydalı olacağına inanırıq.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi və əlavə qaz həcmlərinin tədarükü, eləcə də yaşıl enerjinin Avropaya potensial ixracı bizim prioritetimiz olaraq qalır. Biz yaşıl enerjiyə keçidə böyük sərmayə qoyuruq. Dubayda keçirilən COP28 Sammitində Azərbaycan hökuməti 2030-cu ilə qədər dünya miqyasında bərpa olunan enerji potensialını üç dəfə və enerji səmərəliliyini iki dəfə artırmaq üzrə qlobal öhdəliyə qoşuldu. SOCAR 2050-ci il üçün “xalis sıfır” hədəfini açıqlamaqla, Qlobal Dekarbonizasiya Aktını imzaladı. Bundan əlaqə, Azərbaycanın gələn il COP29-a ev sahibliyi etmək təklifinin dəstəklənməsi ölkəmizin iqlim fəaliyyəti və yaşıl enerjiyə keçidlə bağlı davamlı siyasəti və strategiyasının tanınmasıdır.
“Orta Yaşıl Dəhliz” adlanan Qara Dəniz Sualtı Kabel layihəsində böyük irəliləyiş müşahidə olunur. Tərəflərin Budapeşt görüşündə Bolqarıstanın layihəyə qoşulması prosesinə başlamaq barədə razılıq əldə olunub. Mərkəzi Asiya ölkələrinin bu təşəbbüsə böyük marağını məmnunluqla qeyd etmək istərdim.
Azərbaycan ərazisindən Orta Dəhliz boyunca artan tranzit axınları, o cümlədən uran kimi xüsusi əhəmiyyət kəsb edən materialların tranziti Orta Dəhlizi dayanıqlı, təhlükəsiz və etibarlı marşrut kimi gücləndirir.
Orta Dəhlizin rəqəmsallaşdırılması şəffaflığın təmin edilməsi və tranzitin asanlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Asiya və Avropa arasında yeni fiber-optik infrastruktur olan Rəqəmsal İpək Yolu çərçivəsində biz Mərkəzi Asiya və Qara dəniz regionundakı tərəfdaşlarımızla fəal işləyirik. Rəqəmsal transformasiya “Şərq Tərədaşlığı” çərçivəsində prioritet ola bilər.
Biz Qara dəniz-Xəzər dənizi beynəlxalq yükdaşıma marşrutu üzrə əməkdaşlığı genişləndirmək üçün Gürcüstan, Rumıniya və Türkmənistandakı tərəfdaşlarımızla sıx əməkdaşlıq edəcəyik.
Azərbaycan, həmçinin Aİ ilə ikitərəfli yeni saziş üzrə danışıqların davam etdirilməsində və tezliklə yekunlaşmasında maraqlıdır. Tərəqqi və uğurlu nəticə hər iki tərəfdən xoş niyyət və güzəşt tələb edir.
Hörmətli həmkarlar,
Azərbaycanın Ermənistanla beynəlxalq hüquqa əsaslanan normallaşma prosesi ilə bağlı mövqeyi prinsipial və ardıcıldır. Azərbaycanın təşəbbüsü ilə başlanan və son üç ildə fəal şəkildə irəliləyən bu prosesi davam etdirmək əzmimiz sarsılmazdır.
Azərbaycan ərazilərinin 30 ildir davam edən işğalına son qoyulması ilə tarixi fürsət pəncərəsi açılıb. Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur.
Biz bütün Aİ qurumlarını və üzv dövlətləri öz konstruktiv dəstəyini verməyə və ya heç olmasa, Qranadada ləğv edilmiş liderlərin görüşü kontekstində təəssüflə müşahidə etdiyimiz kimi, bu vacib normallaşma prosesinə zərər verə biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Biz buna təəssüf edirik, çünki bu proses tərəflərin mövqelərinin yaxınlaşmasında faydalı ola bilərdi.
Azərbaycan öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə bildirib. Bununla belə, bir çox hallarda hələ də qeyri-konstruktiv addımların şahidi oluruq.
Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur.
Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz.
Qeyd olunan çağırışları nəzərə alaraq, mən bir daha bütün aidiyyəti tərəfləri Azərbaycan və Ermənistan arasında normallaşmaya zərər verməməyə çağırıram. Biz hamımız birlikdə, Avropa təcrübəsinə əsaslanaraq Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq sahəsinə çevirməyə çalışmalıyıq.
Biz Ermənistana etdiyimiz bərabər və ədalətli sülh təklifimizi bir daha təkrarlayırıq və ikitərəfli əsasda və ya hər hansı qərəzsiz və neytral üçüncü tərəfin vasitəçiliyi ilə işləməyə çağırırıq. Biz Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik. Sülhün və mehriban qonşuluq münasibətlərinin faydaları bəzi uzağı görə bilməyən geosiyasi manipulyasiyalara qurban verilməməlidir.
Ortaq maraqlara, qətiyyətə, qarşılıqlı hörmətə və faydalara diqqət yetirməklə, biz daha firavan, sabit və əlaqəli “Şərq Tərəfdaşlığı” regionu qura bilərik.
Təşəkkür edirəm.