Səfir Məmməd Əhmədzadə etimadnaməsini Malta Respublikasının prezidentinə təqdim edib
Azərbaycan Respublikasının iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Malta Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib.
M.Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Malta prezidentinə salamlarını və xoş arzularını çatdırdı, son illərdə iki ölkə arasında əlaqələrin inkişafında müşahidə olunan intensivliyi qeyd etdi, əlaqələrin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirdi.
Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka onun salamlarını və xoş arzularını azərbaycanlı həmkarına çatdırmağı xahiş etdi, Maltanın Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, bu xüsusda son dövrdə Maltadan Azərbaycana çoxsaylı yüksək səfərlərin həyata keçirildiyini dedi. Prezident Mari-Luiz Koleyro Preka cari ilin aprel ayında Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri və səfər vaxtı Prezident İlham Əliyevlə görüşü ilə bağlı xoş təəssüratlarını bölüşdü.
Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı perspektivləri, 2017-ci ilin birinci yarısında Malta Respublikasının Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.
M.Əhmədzadə bu ölkənin xarici işlər naziri Corc Vella, Malta Parlamentinin sədri Ancelo Farruca, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Luçano Busuttil, Azərbaycanla parlamentlərası dostluq qrupunun rəhbəri Kris Acus və digər parlament üzvləri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.