news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 iyul 2015

Səfir Elxan Poluxov Zimbabveyə səfəri çərçivəsində bu ölkənin Parlamentinin spikeri Cakob Fransis Mudenda ilə görüşüb

28 iyul tarixində Zimbabve Respublikasında da akkreditə olunmuş Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov Zimbabveyə səfəri çərçivəsində bu ölkənin  Parlamentinin spikeri Cakob Fransis Mudenda  ilə görüşüb.

Görüş zamanı E.Poluxov müasir dövrdə beynəlxalq aləmdə parlament diplomatiyasının xüsusi rol oynadığını qeyd edərək, iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanlarına toxundu. Səfir ölkəmizin 2012-2013 illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə Afrika qitəsini narahat edən bir çox məsələlərə xüsusi dəqqət ayırdığını həmsöhbətin nəzərinə çatdırdı. Həmçinin, səfir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və onun doğurduğu fəsədlar barəsində həmsöhbətə məlumat verdi.  

O, ölkəmizin son illər bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzinə çevrildiyini və bu xüsusda, 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini bildirərək Zimbabvenin də bu tədbirə qatılacağına ümidvar olduğunu söylədi.  

Cakob Fransis Mudenda Azərbaycanın beynəlxalq aləmdə baş verən proseslərdə fəal rol oynadığını yüksək qiymətləndirərək, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qanunvericilik orqanları arasında  qurulan əlaqələrin vacibliyini vurğuladı.

 O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığını hər zaman dəstəklədiyini və BMT-də bu məsələnin müzakirəsi zamanı ölkəmizə dəstək verdiyini söylədi.

Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi. 


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti