news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 may 2015

Səfir Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının Sədri xanım Nkosazana Dlamini Zumaya təqdim edib

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının Sədri xanım Nkosazana Dlamini Zumaya təqdim edib.

Afrika İttifaqı Komissiyasının sədri ilə keçirilmiş görüş zamanı humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edildi və bu əməkdaşlığın yeni müstəviyə qaldırılması üçün böyük potensialın mövcud olduğu qeyd olundu.

Azərbaycanın Daimi nümayəndəsini təbrik edən xanım Zuma rəhbərlik etdiyi təşkilatın Azərbaycanla müxtəlif sahələrdə münasibətlərin inkişafına önəm verdiyini vurğulayaraq, Afrika ilə Azərbaycan arasında əməkdaşlığın əsasının illər öncə qoyulduğunu bildirdi.

Səfir Elman Abdullayev Azərbaycan Respublikasının Afrika ölkələri ilə həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində təmaslarının ildən ilə artdığını qeyd edərək, ölkəmiz tərəfindən Afrika qitəsində əhəmiyyətli humanitar layihələrin həyata keçirildiyini onun diqqətinə çatdırdı.

Görüşdə Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığı, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyi və bu il ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi qeyd olundu.

Afrika İttifaqı Komissiyasının sədri xanım Nkosazana Dlamini Zuma Azərbaycan Səfirliyinə fəaliyyətində uğurlar arzuladı.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti