Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Sammiti ilə bağlı XİN-in Mətbuat xidmətinin məlumatı
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII Sammiti 2016-cı Venesuela Bolivar Respublikasının Marqarita adasında öz işinə başlamışdır. Azərbaycan Respublikası sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sammit zamanı 2012-ci il Tehran sammitindən sonrakı müddət ərzində baş vermiş proseslər və əldə edilmiş uğurların nəzərdən keçirilməsi, yeni proseslər fonunda beynəlxalq sülh, təhlükəsizlik, inkişaf və əməkdaşlığa dair üzv dövlətlərin ortaq mövqeyinin müzakirə olunması və tədbirin sonunda bu məsələlərə dair yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.
Venesuelada keçiriləcək sammitin gündəliyində ölkəmiz üçün birbaşa əhəmiyyətli olan bir sıra məsələlər yer alır. Sammitin yekun sənədinin layihəsinə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bənd daxil edilmişdir. Bundan əlavə, Venesuela sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir.
Nazir E. Məmmədyarov Sammitin Rəyasət Heyətinin sədr müavini seçilmiş və bu keyfiyyətində plenar iclasa sədrlik etmişdir. O, Zirvə Görüşündə geniş nitqlə çıxış edəcək.
Sammit 18 sentyabr 2016-cı il tarixində öz işini başa çatdıracaq.