news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 aprel 2015

Azərbaycan və Estoniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Estoniya xarici işlər nazirlikləri arasında  siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində 1 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin baş direktoru Paul Teesalu arasında görüş keçirilib.

Xələf Xələfov Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpaolunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirdi.
 
Azərbaycan ilə Estoniya arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən Paul Teesalu  iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusilə qeyd etdi. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən Paul Teesalu, paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşdü.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Xələf Xələfov, Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirdi. Aİ-nın bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edən nazir müavini, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə mümkün olduğunu vurğuladı.
 
Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən qonaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair ölkəmizin mövqeyinin anlaşma ilə qəbul olunduğunu bildirdi. Paul Teesalu estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələrinin tövsiyyə olunduğunu xüsusilə vurğuladı.
 
Birinci Avropa Oyunlarının keçirilməsində  ölkəmizə uğurlar arzulayan P.Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
 
Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti