No:236/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Rumıniyanın xarici işlər naziri ilə görüşünə dair məlumatı
Bu ilin 19 iyun tarixində Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb. Nazir Ceyhun Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd etdi. İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı.
Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verdi. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olundu.
Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Post-münaqişə dövüründə regionada baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirdi. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə etdi.
Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirdi və bu xüsusda , Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd etdi.
Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət etdi.